AZ

"Bayden Rusiyanın energetika sektoruna qarşı sanksiyalar hazırlayır" - "The Washington Post"

 
"Baydenin səlahiyyət müddəti sona yaxınlaşır, Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə məsuliyyətə cəlb edilməsi birincidərəcəli vəzifə olaraq qalır..."
 
ABŞ prezidenti Co Bayden vəzifədə olacağı son həftələrdə Rusiyanın energetika sektoruna qarşı geniş miqyaslı sanksiyalar tətbiq edilməsinin mümkünlüyünü nəzərdən keçirir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Qeyd edilir ki, belə sanksiyalar ABŞ-ın 47-ci prezidenti Donald Tramp administrasiyasına Vladimir Putinlə Ukraynaya qarşı müharibənin dayandırılması üzrə danışıqlarda daha çox rıçaqlar verə bilər.
 
Sanksiyaların əsas ideyası ondan ibarətdir ki, Rusiya neftini Qərb blokunun hüdudlarından kənara nəql edən beynəlxalq gəmilərin gizli donanmasına, habelə Rusiyanın bundan öncə sanksiyalara məruz qalmayan neft ixracatçılarına zərbə vurulsun. Digər variantlar arasında Rusiyanın energetika sektoru ilə bağlı əməliyyatların keçirilməsinə imkan verən lisenziyaların ləğv edilməsi nəzərdən keçirilir.
 
"Əgər bu tədbirlər gerçəkləşərsə, bu, Baydenin Trampın andiçmə mərasimi ərəfəsində iqtisadi və xarici siyasət irsini formalaşdıra bilər", - nəşr vurğulayıb.
 
Baydenin vəzifədən gedəcəyi ərəfədə Rusiyaya qarşı qətiyyətli addımı məhz onun Qərb müttəfiqlərini 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı təcavüzünə qətiyyətlə cavab verməsinə ruhlandırdığı barədə bəyanatlarını möhkəmləndirə bilər. Eyni zamanda Bayden öz varisinə prezidenylik dönəminin əvvəlində müşahidə edilən energetika şoku
və qiymət dəyişməsinin təkrarlanması ilə çətinləşə biləcək sağlam iqtisadiyyat ötürmək istəyir.
 
Birləşmiş Ştatlar və onların avropalı tərəfdaşları Kiyevə yüz milyardlarla dollarlıq yardım göstərib, eyni zamanda Rusiyanın bankları, sənaye istehsalçıları və digər şirkətlərinə qarşı bir sıra maliyyə sanksiyaları tətbiq edib. Bu sanksiyalar getdikcə daha güclü təsir edir, belə ki, Rusiyada illik inflyasiya, hökumətin rəsmi məlumatına görə, 9 faizi ötməlidir, növbəti ildə isə resessiya mümkündür. Rusiyanın Mərkəzi Bankı faiz dərəcələrini 21-ə yüksəldib.
 
Lakin Rusiyanın energetika sektoru yalnız qismən bu sanksiyalara məruz qalıb, bu da Putinə döyüş meydanında qüvvələrini saxlamağa və ölkə daxilində iqtisadi ziyanın minimum səviyyədə olmasına imkan verib. Rusiya gəlirlərinin təxminən üçdə bir hissəsi neft və qaz satışından daxil olur. Ötən il Kreml enerjidaşıyıcılarının satışından təxminən 100 milyard dollar əldə edib, bu barədə "S&P Global"-ın yanvar ayı üçün hesabatında  deyilir.
 
"Yeni böyük sanksiyaların məqsədi Rusiyanın ixracdan əldə etdiyi gəlirlərin 6-12 ay ərzində ikirəqəmli göstəriciyədək azaltmaqdır", - bunu Bayden administrasiyasında beynəlxalq iqtisadiyyat üzrə sabiq baş direktor Piter Harrel bəyan edib.
 
Bayden administrasiyasının yüksək vəzifəli nümayəndəsi anonimlik şərtilə izah edib ki, bu tədbirlər Ukraynaya "müdafiəsi və sülh danışıqlarının ədalətli şərtlərlə aparılması məqsədilə ən yaxşı imkan" verilməsi üçün zəruridir".
 
Baydenin səlahiyyət müddəti sona yaxınlaşır, Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə məsuliyyətə cəlb edilməsi birincidərəcəli vəzifə olaraq qalır", - nəşr qeyd edib.
Seçilən
9
moderator.az

1Mənbələr