Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir.
Bunu Prezident İlham Əliyev bu gün Aktauda baş vermiş təyyarə qəzası ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən müşavirə zamanı deyib.
Dövlət başçısı bildirib: "Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq.
Qəzada həlak olanların və onların yaxınlarının acısını çəkərək, həlak olanlara Allahdan bir daha rəhmət, yaralananlara şəfa, həlak olanların, yaralananların yaxınlarına, doğmalarına səbr diləyirəm. Sağ olun".