1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün təyyarə qəzasında sağ qalanlardan biri də Lənkəran rayon Lüvəsər kənd sakini 2004-cü il təvəllüdlü Ayhan Zəfər oğlu Bayramzadədir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, atası Zəfər kişi deyib ki, evin tək oğlu olan Ayhan əmisinin yanına işləməyə gedirdi.
"Dünən bibisi ilə Sumqayıt şəhərinə getdi. Bu gün səhər təyyarə ilə Rusiyaya əmisinin yanına özünə iş qurmağa gedirdi. Saat 11-12 də onlardan bir xəbər çıxmadı. Qardaşıma zəng etdim Ayhandan nə xəbər var. Qardaşım ağladı, dedi ki, evimiz yıxılıb. Ayhanın olduğu təyyarə Qazaxıstanda qəzaya düşüb, amma sağ qalanlar var. Ümid edək ki, Ayhan da sağ qalanların siyahısındadır. Yoldaşıma bir söz demədim. Televizora baxdım, gördüm fövqəladə hallar naziri Kəmaləddin Heydərov oğlumla danışır, səhhəti ilə maraqlanır. Ondan sonra yoldaşıma xəbəri verdim. Sağ olsun, dövlət başçısı hadisə ilə bağlı operativ qrup yaratdı. Xalqın yanında olduğunu göstərdi".
Ayhanın anası Aynur Bayramova bildirib ki, təyyarə qəzasını yoldaşından eşidib. "Yoldaşım mənə xəbəri çatdıranda, ölənlər haqqında eşidəndə, çox pis oldum və sevindim ki, oğlum sağdır. Televizorda oğlumu gördüm, özü ilə qısa da olsa, telefonla danışdıq, ürəyim rahat oldu. Dedi, ana, hər şey yaxşıdır, tezliklə evə qayıdaram".