Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Missiya.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Matəmlə əlaqədar Azərbaycanın bütün məscidlərində həlak olanların xatirəsi anılacaq, onların ruhları üçün dualar oxunacaq.
Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.