AZ

Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

Image

Qasım Hacıyev: “Kilikiyada  ermənilərin dövləti olmayıb, onları orda erməni Qriqoryan kilsəsi idarə edib”

Cənubi Qafqazda, Azərbaycan ərazilərində özlərini “qədim xalq” elan edən haylar (ermənilər) indi də Kilikiyaya meylləniblər. Çoxdan bəridir ki, hay tarixçiləri qondarma “Erməni Klikiya çarlığından, krallığından” yazırlar. İddia edirlər ki, guya 11-14-cü əsrlər arasında “Kilikiya erməni dövləti” “mövcud olub”. 

İndi də erməni mediası yazır ki, Ermənistan Tarix Muzeyində “Erməni Kilikiya Krallığı: Uca Allahın iradəsi ilə” daimi sərgisinin daha bir hissəsi yenidən açılıb. Açılış dekabrın 26-da olub. 

Yazırlar ki, sərgidə dramlar, kral ailəsinin və ipək üst geyimləri nümayiş olunur və sərgi 11-14-cü əsrlər arası “Kilikiya erməni dövləti” dövrünü əhatə edir. Hətta iddia edirlər ki, sərgilənən nümunələr guya “qüdrətli erməni dövləti olan Kilikiyanın” “nadir qalıqlarıdır”.

“Ermənilər gah “Kilikiya erməni krallığından”, gah “Kilikiya erməni dövlətindən” danışırlar, bu isə tamamilə absurddur”

İrəvanda qondarma “Kilikiya erməni dövləti” sərgisinin hay saxtakarlığının növbəti addımı olduğunu deyən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni müəllifləri, tarixçiləri, erməni cəmiyyəti üçün fakt, arqument deyilən bir nəsnə yoxdur, onlar nağıllarla, miflərlə nəfəs alırlar. “Nə düşünürlər, nəyi xəyal edirlər, onu da “fakt”, “hadisə” kimi ortaya atırlar və bunu tarixi gerçəklik kimi qələmə verməyə çalışırlar. Halbuki, bunların yazdığında, danışdığında nə elmi əsas, fakt var, nə də məntiq var. Ermənilər gah “Kilikiya erməni krallığından”, gah “Kilikiya erməni dövlətindən” danışırlar, bu isə tamamilə absurddur. 

Onların nə deməsindən və yazmasından asılı olmayaraq əsl həqiqət odur ki, XX əsrə qədər ermənilərin dövləti, dövlətçiliyi olmayıb. Tarixi mənbələr, tədqiqatlar göstərir ki, ermənilər saxtakarlıqla Şərq ərazilərinin istənilən yerini “Ermənistan” adlandırırlar. Apardığım müşahidələrə, araşdırmalara görə, onlar indiyə qədər 10-a yaxın “Ermənistan dövləti” “yaradıblar. Bu saxtakarlıqdan həvəslənib, hətta üç dənizin arasındakı əraziləri “Böyük Ermənistana” “daxil” ediblər. Halbuki, tarixi həqiqət belədir ki, Aralıq dənizi sahillərindən  kilikiyalıların tərkibində hay deyilən bir bölük qəbilə Kilikiya ərazisinə gəlir. Bunu əvvəllər etiraf etmirdilər, sonra özləri də yazdılar ki, bir qrup halında Kilikiya bölgəsinə gəliblər. Ora gəldikdən sonra orda öz kilsələrini qurublar, ayinlər icra ediblər. Onlar orda kiçik bir icma olublar və Kilikiyada erməni dövləti olmayıb. Bu gün hayların hansısa  “Kilikiya erməni dövləti” haqda danışması saxtakarlıqdan başqa bir şey deyil”. 

Q.Hacıyev qeyd etdi ki, Şərq bölgəsində Şimali-Şərqi Anadolunun da, Cənubi Qafqazın da daxil olduğu Urartu, Manna, Midiya, Əhəməni, Assur və sair qədim dövlətlər olub: “Ancaq bu qədim dövlətlərin heç birinin tərkibində ermənilərin kiçik də olsa dövlət qurumu olmayıb. Eyni zamanda da bu  qədim dövlətlərin heç birinin ermənilərlə əlaqəsi yoxdur. Ermənilərin qədim dövrlərdə heç bir dövləti olmayıb. Yalnız Əhəməni fars imperiyası dövründə Dəclə və Fərat çayı ərazisində kiçik bir canişinlikləri olub və canişinliyi də gah “kiçik Ermənistan”, gah “böyük Ermənistan” adlandıraraq o ərazilərdə “erməni dövlətinin” olduğunu sübut etməyə çalışırlar. Amma bu mümkün deyil, ola da bilməz. Çünki dövr dəyişdikcə yeni faktlar, yeni məlumatlar meydana çıxır və aparılan tədqiqatlardan belə nəticələr hasil olur ki, heç bir yerdə erməni dövləti olmayıb. Haylar Kilikiya ərazisində yaşayıblar, Qriqoryan dini kilsəsini inkişaf etdiriblər. Kilikiyada  ermənilərin dövləti olmayıb, onları orda erməni Qriqoryan kilsəsi idarə edib.  Bu halda hansı “erməni krallığından”, hansı “erməni şahlığından”, “knyazlığından” danışmaq olar? Ona görə də, bu sərgi də, orda nümayiş olunanlar da saxtakarlığın növbəti təzahürüdür. Yenə də erməni yalanları davam edir. Ola bilsin, ortaya hələ çox uydurmalar çıxaracaqlar”.

Q.Hacıyev əlavə etdi ki, muzey düzəltmək, ortaya saxta eksponatlar, arqumentlər çıxarmaq, sərgilər keçirmək ermənilərin köhnə adətləridir, onlar daha çox buna üstünlük verirlər. “Bütün bunların hamısı ermənilərin özlərini həvəsləndirmək, “ideologiyalarını” qoruyub saxlamaq, yeni-yeni ərazi iddiaları irəli sürmək məqsədilə edilir və onlar bunun üçün tarixi uydurmalar yaradırlar, yaratmaqda da davam edəcəklər” - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA





Seçilən
63
50
baki-xeber.com

10Mənbələr