AZ

Dəlik-dəlik olan ritorik suallar...

...və ya 8243 No.li nakam reysin bizə yolladığı siqnallar...
 

Azərbaycan Hava Yollarına məxsus, Bakı-Qroznı marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Aktau (Qazaxıstan) hava limanına enməyə cəhd edərkən qəzaya uğrayıb?..

Dünya mediasını bir anda başına götürən bu başlıq, bir balaca da olsa coğrafiyadan başı çıxan və ya orta məktəb savadına malik olan insanları maraqla şübhənin kəsişdiyi yerdə depolayaraq müəmma krizisi yaratmaya bilməzdi. Mən hələ jurnalistlərdən danışmıram…

Əsas sual: Necə ola bilər və ya niyə Bakıdan (Azərbaycan) Qroznıya (Rusiya) səfər edən təyyarə 500 km şərqdə yerləşən Aktau (Qazaxıstan) şəhərində qəzaya uğrayır?

Keçən gün ərzində əziz izləyicim arxasını faktlara çevirərək tonlarla ara söhbət, fərziyyə və uydurmalar dozasını aşandan sonra faktlara arxalanmağın qənimətini hiss edirsə, bu məqaləni və qoyduğum videoya sonadək baxsa, fayda tapar.
 


Belə ki, AZAL aviaşirkətinin rəsmi marşrutuna görə, “Embraer 190” tipli təyyarə 25 dekabr səhər saat 07:57 (3:57  UTC (ing. Universal Time Coordinated) Ümumdünya Vaxtı) Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından AHY8243 reysi ilə (J2 8243) Qroznı istiqamətində hərəkətə başlayır…

* Uçuşu təşkil edən təyyarə haqqında:

“Embrayer 190” - Braziliya istehsalı və əsasən ABŞ aviaşirkətlərində istifadə olunan, 4000 km məsafəni qət etmə imkanına malik təyyarədir.

“Fleet Discovery” məlumat bazasına görə, AZAL-ın parkında fəaliyyət göstərən bu təyyarə 4K-AZ65 kimi qeydiyyatdan keçmiş, 11,5 il yaşındadır və 2013-cü ilin iyulunda daşıyıcıya təhvil verilib. O 6296 reysdə 9474 saat uçuş məsafəsi qət edib.

AZAL-ın təyyarə parkında bu bort fasilələrlə gündəlik 2-3 uçuş həyata keçirib. Daim beynəlxalq protokollara əsasən texniki təmir və nəzarətdən keçib.

Həmin gün təyyarəni idarə edən yüksək peşəkarlığı ilə tanınan, AZAL pilotlarının ən yaxşıları sırasında olan kapitan İqor Kşnyakin 15 000 saatdan çox uçuş edib ki, bunun da təxminən 11 200 saatı komandir olub.  

Qayıdaq AHY8243 nömrəli bortun marşrutuna. Yuxarıda qeyd etdiyim kimi və videoda göstərilən kimi, adı çəkilən təyyarə Ümumdünya vaxtı ilə saat 03:57-də (Bakı vaxtı ilə saat 07:57) Hava Limanından çıxır və müvəffəqiyyətlə saat 04:36-da Qroznı şəhərinin səmasına daxıl olur… Lakin Qroznı hava limanının dispetçeri rəsmi olaraq hava şəraiti, qeyri-rəsmi olaraq isə qeyri-müəyyən səbəblərə görə təyyarəyə enmə icazəsi vermir və…

Və Azərbaycanın AHY8243 nömrəli bortu niyəsə forsaj edərək çox yüksək sürətlə (bunu əlavə etdiyim videoda da görmək olur) yaxınlıqda olan Vladiqafqaz aeroportuna uçur və orada dayanır. Bu faktı məqaləyə əlavə etdiyim “Flightradar24” (www.flightradar24.com) real vaxtda beynəlxalq uçuşları izləyən xəritədə müşahidə etmək mümkündür. 

Təyyarə Vladiqafqaz aeroportuna çatandan bir neçə saniyə sonra bortla GPS əlaqə siqnalı itir. Lakin burada nakam AHY8243 reysin sərgüzəştləri sona çatmır. Saat 06:08-də təyyarə birdən-birə Xəzər dənizi səmasında peyda olur və Aktau şəhəri istiqamətində uçur!

Bu nə möcüzədir? 

Bunu hətta əlavə olunan videoda göstərildiyi kimi, təyyarənin elektron uçuş pasportu da anlaya bilmir və fərqli rəqəmlərlə həmin Bakı-Qroznı reysinin davam etdiyini yazır…
 
Amma təyyarə Qroznı deyil, artıq Aktau şəhərinə tərəf hərəkət edir. 

Niyə? 

Bu suala mənim cavabım yoxdur! Eyniliklə mən anlamıram ki, niyə Vladiqafqaz aeroportunda söndürülən GPS izləmə sistemi bir daha yerdən qalxaraq deyil, artıq 300 km uzaqlaşandan sonra işə salınır… Nəticə olaraq təyyarə Aktau yaxınlığında yerə çırpılaraq qəzaya uğrayır və bu dəfə onun GPS izləmə siqnalı saat 06:31-də əbədi sönür.

Maraqlı faktlardan biri də odur ki, “Flightradar24” izləmə sisteminin məlumatına görə, AHY8243 bortu uçuşunun son 74 dəqiqəsi ərzində təyyarənin şaquli sürəti 100 dəfədən çox dəyişib - mənfi 8,300 fut/dəqiqədən 8,300 fut/dəqiqəyə kimi çox sıldırım eniş və yüksəlişlə ekstremal həddə çataraq, mümkün uçuşa nəzarət problemlərinin olmasından bəhs edir. Artıq 51 tonluq hava gəmisi idarəedilməz vəziyyətə düşmüşdü. Bu halda son imkan qalıqlarından istifadə edən gəmi komandiri bortu dənizə düşməkdən və tam şəkildə bütün sərnişinlərin həlakından xilas edir.

İqor Kşnyakin öz həyatı bahasına, şücaət və peşəkarlığı nəticəsində bortu dəniz səthindən quru yerə çıxarmağa müvəffəq olaraq, 30-dan çox sərnişini xilas edir. Uçuş Təhlükəsizliyi Fondunun Aviasiya Təhlükəsizliyi Şəbəkəsinə görə, bu, qəzanı “Embraer 190” ilə əlaqəli ən böyük qəzalardan biri kimi qiymətləndirir. Belə ki, 2010-cu ildə Henan Hava Yollarına məxsus bu tip təyyarənin qəzaya uğraması nəticəsində 44 nəfər həlak olmuşdu.

Yuxarıda yazdığım kimi, qəzaya uğrayan təyyarənin internetdə paylaşılan videolarında bortun quyruq və qanad hissələrində çoxlu böyük və kiçik çaplı dəliklərin olması da izləyicilərdə bir sıra cavabsız suallar yaradır. İnternet istifadəçiləri bu deşiklərin təyyarəyə kənardan təsir vasitələri kimi, mərmi atəşi, hətta dronların hücumu kimi qiymətləndirirlər. Ərz olunur ki, Qroznı ətrafında AHY8243 təyyarəsi yerli hava hücumundan müdafiə artilleriya qurğuları tərəfindən atəşə məruz qalıb. Belə olan təqdirdə necə olur ki, həmin təyyarə bir müddət sonra Aktau şəhərinə istiqamət alır? Yaxın ətrafda Nalçik, Minvodı, Mahaçqala kimi hava limanları mövcud olan halda təyyarə niyə dənizi atlamaq qərarını alır? Aviasiya ciddi nizam- intizam tələb edən sahədir və heç bir bort komandiri ona rəsmi əmr verilməsə təyyarəni fərqli istiqamətdə hərəkət etdirə bilməz. Təyyarə üzərində olan müxtəlif çaplı deşiklər birmənalı şəkildə ətrafda partlayan nəməlum obyektin izləridir. Mən hərbi ekspert kimi deyə bilərəm ki, deşiklərin təbiəti birbaşa hücum olmasa belə, bortun hansısa hərbi əməliyyatın episentrində olmasından bəhs edir. “Embraer 190” kimi 36 metr uzunu və 28 metr enində olan hava aparatını hər bir radar asanlıqla sərnişin bortu kimi müəyyən edə bilər. Bundan əlavə, təyyarələrin marşrutları beynəlxalq səviyyədə müəyyən olunan zolaq içərisində baş verir və bu zolaqlar haqda məlumat bütün havadan müdafiə hərbi hissələrinin reyestrində mövcuddur. Sadəcə, həmin zolağa müdaxilə edən yad cisimlə mübarizə aparılarkən və ya həmin yad cisim zolaqları tanımayaraq və ya nəzərə almayaraq, AHY8243 bortu ilə rastlaşaraq özünü anormal aparıb qeyri-müəyyən halda qırıcı aqreqata dönə bilər. 

Məni maraqlandıran budur ki, bu baş veribsə, uçuşun hansı fraqmentinə dəlalət edib -  Bakı-Qroznı-Vladiqafqaz, yoxsa Vladiqafqaz-Aktau?

Hər halda “Azərbaycan Hava Yolları” Bakıdan Qroznıya və Bakıdan Mahaçqalaya uçuşları dayandırdığını bildirib. Yəqin ki, bu hava məkanlarında problemlər olmasaydı, bu qərarlar da verilməzdi. 

İnşaAllah, bu məqalədə qaldırılan suallara cavablar tapılacaq və həm AZAL, həm sərnişinlər, həm də bütün Azərbaycan Xalqı bir daha bu cür matəmlər yaşamayacaq…

Allah rəhmət eləsin!

Vahid Mustafayev

Seçilən
3
2
modern.az

3Mənbələr