AZ

Cənubi Koreya parlamentində növbəti impiçment qərarı

Pekin, 27 dekabr, AZƏRTAC

Cənubi Koreyanın əsas müxalif qüvvəsi olan Demokratiya Partiyasının təklifi ilə parlamentdə prezident səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Duk Sunun impiçmenti səsə qoyularaq qəbul edilib.

AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Milli Assambleyada keçirilən səsvermədə 192 nəfər Baş nazirin impiçmentinin lehinə səs verib. Etiraz edən və bitərəf qalan olmayıb. Hakim Xalqın Gücü Partiyasının deputatları səsvermədə iştirak etməyiblər. Bu, Cənubi Koreya tarixində prezident səlahiyyətlərini icra edən şəxsin ilk impiçmentidir.

Qeyd edək ki, Cənubi Koreya parlamentində üstünlüyü olan müxalifət Demokratiya Partiyasının təşəbbüsü və liderliyi ilə dekabrın 14-də Prezident Yun Sok Yolun impiçmentinə nail olub. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Prezidentin impiçmentindən sonra onun səlahiyyətlərini Baş nazir yerinə yetirib. Amma Baş nazir Han Duk Sunun Prezident Yun Sok Yola və birinci xanıma qarşı irəli sürülmüş iki xüsusi istintaq qanun layihəsini təsdiqləməkdən imtina etməsindən sonra müxalifət onun impiçmentinə başlamaq barədə qərar verib.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
13
1
azertag.az

2Mənbələr