İranın Səhiyyə Nazirliyinin tapşırığı ilə səhiyyə müəssisələrində elektrik enerjisinin kəsilməsi pasiyentlər və xəstəxanalar üçün problem yaradıb.
Yerli mətbuatda yayılan məlumatlara görə, bunu İranın Nadir Xəstəliklər Assosiasiyasının başçısı Həmidrza Naqarani “Mehr” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, səhiyyə müəssisələrində generatorlar olsa da, elektrik enerjisinin kəsilməsi zamanı ciddi problemlər yaşanır:
“Elektrik enerjisinə sahib olmaq istəyirsinizsə, generatoru özünüz quraşdırmalı olacaqsınız. Bu da çox baha başa gəlir və sərfəli deyil”.
Həmidrza Naqarani qeyd edib ki, generatorların işləməsi üçün də çoxlu yanacaq sərf edilir və bu, tibb ocaqlarına ziyan vurur.
Qeyd edək ki, İranda elektrik enerjisi və yanacaq çatışmazlığı yaşanır.
Bununla bağlı Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a bildirib ki, bu gün İranda çox ciddi enerji və iqtisadi böhran yaşanır:
“Hazırda Qərb tərəfindən İrana tətbiq edilən sanksiyalar sözün həqiqi mənasında ölkənin iqtisadiyyatına və maliyyə sisteminə ciddi şəkildə təsir göstərməkdədir. Bu yaxınlarda İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin sədrliyi ilə İranın milli valyutası ilə bağlı qapalı iclas keçirilib.
İranın dövlət informasiya agentliyi İRNA belə bir xəbər yayıb ki, Qalibaf bir mənalı şəkildə problemin həlli ilə bağlı müəyyən tapşırıqlar verib.
Ölkədə enerji çatışmazlığı ilə yanaşı İranın pul vahidi sürətli şəkildə dəyərdən düşməsinə şahidi oluruq. Son məlumatlara görə, 1 ABŞ dolları 80 min tüməni keçib. Bu, kifayət qədər ciddi rəqəmdir.
Eyni zamanda İran iqtisadiyyatının digər sektorlarında da ciddi böhran yaşanır. İran Mərkəzi Bankının son statistik məlumatına görə, ölkənin Ümumi daxili məhsul (ÜDM) artımı ötən ilin dövrü ilə müqayisədə iki dəfə azalıb.
Turizm sektorundan tutmuş, istehsal sektorlarına qədər bütün sektorlarda ciddi sıxıntılar var”.