AZ

Rusiya Azərbaycana təzminat ödəməli OLACAQ

İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb. “Caliber.az” nəşri etibarlı hökumət mənbələrindən bu barədə məlumat əldə edib.

 

Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.

 

“Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib.

 

Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.

 

Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib.

 

HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.

 

“Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır”, – deyə nəşrdə vurğulanıb.

 

 

Maraqlıdır, təyyarəmizi Rusiya vurubsa, onda qonşu dövlət hansı məsuliyyətləri daşıyacaq?

 

Apress.az məsələni araşdırıb.

 

Beynəlxalq hüquqa gorə, hərtərəfli, genişmiqyaslı araşdırma apardıqdan sonra hava təhlükəsizliyi rəsmiləri və hüquq-mühafizə orqanları faciəyə görə məsuliyyət daşıyanları müəyyənləşdirirlər.

 

Başqa ölkə tərəfindən təəyyarə vurulduğu iddiasını təsdiqləyən sübutlar olmalıdır. Məsələ tam aydın olduqdan sonra həmin ölkə üzr istəməli, məsuliyyət daşıyanlar cəzalandırılmalı və təzminat ödəməlidir.

 

1999-cu ildə Monrealda imzalanmış Beynəlxalq Hava Nəqliyyatında Müəyyən Qaydaların Unifikasiyasına dair Konvensiyaya əsasən, həlak olanların qohumlarına bədən xəsarəti, o cümlədən ölüm, habelə baqajın zədələnməsi və itirilməsinə görə kompensasiya ödənilir. Ümumilikdə, bu cür ödənişlər hər həlak olan şəxs üçün ən azı 130 min dollar təşkil edə bilir.

 

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında oxşar hadisə İranla Ukrayna arasında olub. Belə ki, göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. İran təyyarəni səhvən vurduğunu bəyan edib və günahkarların məsuliyyətə cəlb olunacağı açıqlanıb.  Qeyd edilib ki, hər bir sərnişin üçün 150 min dollar təzminat ödəniləcək.

Seçilən
2
12
apress.az

3Mənbələr