AZ

Təyyarə istiqamətində atəş əmrini kim verib? – Deputat AÇIQLADI

“Azərbaycan hava yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması və sərnişinlərin həlak olması hər birimizi sarsıtdı. Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi dərhal geri dönmək barədə tapşırıq verib. Yerində müşavirə keçirdi. Bu kədərlə yanaşı hər birimizi qürürlandırdı”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkilinin sözlərinə görə, xalq gördü ki, Prezidentimiz hər zaman yanımızdadır:

“Taleyüklü məsələlərdə ölkə başçısı bütün vacib qərarları yerində verir və həll edir. İndiki vəziyyətdə Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi istintaq komissiyası formalaşdırılıb. Baş nazirin sədrliyi ilə hazırda hər bir detal incəliklə araşdırılır. Qəzanın səbəbləri aşkara çıxacaq, ən xırda detallarına qədər aydınlaşdırılıb ictimaiyyətə məlumat veriləcək”.

O, bildirib ki, qeyri-rəsmi məlumatlara əsasən, Qroznı səmasında təyyarə Rusiya HHM-ləri vasitəsilə vurulub:

“Hazırda araşdırmalar davam edir. İstintaqın rəyi və bundan sonra hadisələrin necə cərəyan edəcəyi əsas məsələdir. Qeyri-rəsmi mənbələrdən yayılan xəbərlər təsdiqini tapsa, sonrakı addım həmin əmrin kimin tərəfindən verildiyi, mülki təyyarənin PUA-larla necə səhv salınması, Rusiyanın Azərbaycandan üzr istəməsi, günahkarların cəzalandırlması və s. yerinə yetirilməlidir. Bu, “Beynəlxalq Aviasiya haqqında” qanunda öz əksini tapır. Belə hadisələr tarixdə də baş verib.
44 günlük müharibənin son günlərində sərhəd ərazimizdə Rusiya helikopterinin vurulmasından sonra Azərbaycan üzr istəyib, kompensasiya ödəyib. Digər tərəfdən, Türkiyə də hərbi hava qüvvələri tərəfindən Rusiya qırıcısının vurulmasından sonra üzr istəyib, kompensasiya ödəmişdi. Digər ölkələrdə də belə hadisələr olduqdan sonra həll yollarının necə olduğu da məlumdur.
Rəsmi Bakı tərəfindən proses dəqiq araşdırılacaq. Qardaş Qazaxıstana bu mənada təşəkkürümüzü bildiririk. İlk andan Qazaxıstan prezidentinin göstərişi ilə xəstələrin xəstəxanaya yerləşdirilməsi, qan verilməsi və digər sahələrdə Azərbaycanla birgə işləməsinin böyük əhəmiyyəti var”.

Seçilən
12
medianews.az

1Mənbələr