Dekabrın 13-16-sı aralığında keçirilən oyunlarla Argentina çempionatının 2024-cü il mövsümünə yekun vuruldu.
Mövsümün finişi yetərincə maraqlı alındı: ölkənin ən güclü komandası məhz sonuncu - 27-ci turda müəyyənləşdi.
Əslində 11-ci turdan 1-ci pillədə olan “Veles Sarsfild” ən vacib titulu sona bir neçə tur qalmış rəsmiləşdirə bilərdi. Lakin finiş ərəfəsində çox sayda xal itirməsi paytaxt komandasının uzun müddət göründüyü liderlik mövqeyinin bir qədər zəifləməsinə səbəb olmuşdu.
Mövsümün əvvəlini və ortalarını çox yaxşı keçirən “göy-ağlar” finişə az qalmış, belə desək, sürəti azaltmışdılar. 20-25-ci turlarda keçirdiyi 6 oyunda yalnız 1 qələbə qazanan və 4 dəfə heç-heçəyə razılaşan Qustavo Kinterosun komandası böyük üstünlüyü heçə endirmişdi. Xal itkiləri “Veles”in liderlik mövqeyinə təsir etməsə də, sonuncu tur ərəfəsində çempionluq şansını təhlükə altına salmışdı.
Belə ki, buenos ayreslilər finişə qələbə seriyasını 5 oyuna çatdıran “Talyeres de Kordoba” ilə eyni – 48 xalla başlayacaqdılar. Şərikli liderlərdən 2 xal geri qalan “Atletiko Urakan” da qızıl medallara iddia edirdi. Mövsümün finişini daha maraqlı edən digər fakt “Veles Sarsfild”in sonuncu turda “Atletiko Urakan”ı qəbul etməsi ilə bağlı idi. “Atletiko Urakan”dan çempion olmaq üçün “Veles”i səfərdə məğlub etmək tələb olunur. İkinci vacib şərt isə “Talyeres de Kordoba”nın evdə “Nyuellz Old Boyz”a uduzması idi.
Kordobalılar istənilən halda titul qazanmaq üçün mövsümü uğurlu nəticə ilə başa vurmağa borclu idilər. Göründüyü kimi, 27-ci turun bazar gününə təyin olunan və eyni saatda start götürən iki matçı üç komandanın azarkeşləri üçün çox həyəcanlı keçəcəkdi.
Əvvəlcə “Talyeres de Kordoba”nın çempionluq yarışında azarkeşlərinə böyük məyusluq yaşatdığını qeyd edək. Halbuki autsayderlər qrupunda olan “Nyuellz Old Boyz” ilə ev oyununda qələbə seriyasının 6-ya çatmaq ehtimalı çox idi. Lakin uruqvaylı Aleksander Medinanın komandası sonuncu tura 26-cı yerdə başlayan rəqibinə uduzdu. 1:3 hesablı məğlubiyyət son turlarda çempionluğa ümidlənən yerli azarkeşlər üçün arzuolunmaz sonluq oldu. “Talyeres de Kordoba” mövsümü gümüş mükafatçı kimi başa vurdu.
Başqa sözlə, titul Buenos Ayresdəki matçda sahibini tapdı. “Veles Sarsfild” doğma azrkeşlərinin böyük dəstəyindən ilham alaraq “Atletiko Urakan”ı ilk dəqiqələrdən çətin vəziyyətə saldı. “Xose Amalfitani” stadionunda keçirilən matçın birinci hissəsi meydan sahiblərinin böyük üstünlüyü ilə yadda qaldı. “Veles”in oyunçularının xal itkilərinin əvəzini məhz sonda çıxmaqda qərarlı olduqları start fitindən sonra hiss olunurdu. Aşkar üstün oyunun məntiqi nəticəsi tabloda da əksini tapdı: Akino ilə Damian Fernandesin vurduğu qollar meydan sahiblərinin fasiləyə rahat yollanmasını təmin etdi. İkinci hissədə oyunun tempini bir qədər azaldan “Veles” əsasən hesabı qorumağa çalışdı. Riskə getməyən “göy-ağlar” rəqibə qapıya bir dəqiq zərbə belə vurmaq imkanı vermədilər. Bu isə ilk hissədəki hesabın hakimin final fiti ilə təsdiqlənməsi demək oldu. 50 minlik “Xose Amalfitani”dəki mənzərəni, azarkeşlərin necə sevindiklərini görməyə dəyərdi. Onlar sevimli komandasının ölkə çempionatında 11 ildən sonra reallaşan 11-ci çempionluğunu futbolçular və məşqçilərlə birlikdə böyük sevincə bayram etdilər.
Bir sözlə, dekabrın 15-də Buenos Ayresin Veles rayonu böyük bayram məkanına çevrildi. Əlbəttə, bu bayramın reallaşmasında daha çox pay sahibi olanlar arasında Kinterosun əməyini xüsusilə qeyd etməliyik. Baş məşqçi vəzifəsinə 2023-cü ilin dekabrında təyinat alan 59 yaşlı boliviyalı mütəxəssis rəhbərliyin etimadını doğrultdu. Onun komandası mövsümü “qızıl dubl” ilə başa vura bilərdi. Lakin “Veles Sarsfild” Argentina kubokunun dekabrın 12-də keçirilən finalında “Sentral Kordoba”ya minimal hesabla uduzmuşdu. Buna baxmayaraq, paytaxt təmsilçisi artıq ölkənin ən güclü komandası adını daşıyır!
Frank Kudelkanın çalışdırdığı “Atletiko Urakan” mövsümü mükafatçılar sırasında başa vura bilmədi. Ona görə ki, sonuncu tura hərəyə 43 xalla 4-5-ci yerləri bölüşməklə başlayan komandalar arasındakı oyunda heç-heçə qeydə alınmadı. Belə nəticə isə “atletlər”i yekun cədvəldə 4-cü yerə saldı. “Rasinq” – “River Pleyt” matçı mövsümü bürünc mükafatçı kimi bitirmək şansı kimi dəyərləndirilirdi. Əlbəttə, “Atletiko Urakan”ın uduzması şərti ilə. Meydan sahibləri Salasın yeganə qolu ilə qalib gəldilər. Nəticədə avelyanedalılar mövsümü bürünc medallarla başa vurdular. Finişə iki tur qalmış çempionluq titulunu itirməklə azarkeşlərini məyus edən “River Pleyt” çempionatı 5-ci yerdə başa vurdu. Marselo Qalyardonun uğursuz keçən mövsümün gedişində - avqustda başına qayıtdığı komandada ciddi dəyişikliyə nail ola bilmədiyini də vurğulayaq.
Argentinanın digər nəhəngi də mövsümboyu azarkeşlərinin əsəbləri ilə oynadı. Finişə üç tur qalmış çempionluq şansını itirən “Boka Xuniors”da da baş məşqçi dəyişikliyi zərurətə çevrildi. Paytaxt klubu oktyabrdan çempionatın sonuna qədər sabiq oyunçusu Fernando Qaqonun rəhbərliyi altında oynadı. 38 yaşlı mütəxəssis nəticələri qismən yaxşılaşdıra bildi: uzun müddət ortabablar sırasında görünən “Boka” mövsümü 6-cı yerdə başa vurdu.
27-ci tur
Veles Sarsfild - Atletiko Urakan 2:0
Akino, 30. D.Fernandes, 41.
Talyeres de Kordoba - Nyuellz Old Boyz 1:3
S.Palasios, 64 – F.Qonsales, 59. Xuares, 83. X.Qarsiya, 90.
Rasinq - River Pleyt 1:0
Salas, 35.
Boka Xuniors - İndependyente 0:0
Barrakas Sentral - Lanus 3:3
Bruera, 4. İnsua, 58. Kantero, 69 – Penya, 8. Salvio, 47. Bou, 60.
Estudiantes - Arxentinos Xuniors 2:2
Askasibar, 12. T.Palasios, 71 - Askasibar, 7-öz qapısına. Qalvan, 48.
Banfild - Sarmyento 1:1
İ.Rodriges, 50 – F.Paredes, 89.
San Lorenso - Tiqre 0:1
Qaray, 73.
İnstituto - Qodoy Krus 1:3
F.Suares, 12 - Mendosa, 16. S.Rodriges, 58. Pino, 86.
Rosario Sentral - Belqrano 2:1
D.Martines, 5. Seqoviya, 60 – R.Ernandes, 64.
Platense - Ximnasiya 1:0
Pelleqrino, 1.
Defensa y Xustisiya - Union 0:0
Atletiko Tukuman - Sentral Kordoba 2:0
Koronel, 9. Breytenbrux, 48.
İndependyente Rivadaviya - Deportivo Riestra 0:0
Yekun cədvəl
1. Veles Sarsfild 27 14 9 4 38-16 51
2. Talyeres de Kordoba 27 13 9 5 34-27 48
3. Rasinq 27 14 4 9 42-30 46
4. Atletiko Urakan 27 12 10 5 28-18 46
5. River Pleyt 27 11 10 6 38-21 43
6. Boka Xuniors 27 11 9 7 30-23 42
7. İndependyente 27 9 13 5 25-17 40
8. Atletiko Tukuman 27 11 7 9 28-27 40
9. Union 27 11 7 9 27-26 40
10. Platense 27 10 9 8 20-18 39
11. İndependyente Rivadaviya 27 10 8 9 23-25 38
12. Estudiantes 27 8 12 7 36-34 36
13. İnstituto 27 10 6 11 32-31 36
14. Lanus 27 8 12 7 28-31 36
15. Qodoy Krus 27 8 11 8 31-28 35
16. Belqrano 27 8 11 8 33-32 35
17. Deportivo Riestra 27 8 11 8 26-27 35
18. Tiqre 27 8 10 9 27-30 34
19. Ximnasiya 27 8 8 11 21-23 32
20. Rosario Sentral 27 8 8 11 27-30 32
21. Defensa y Xustisiya 27 7 11 9 27-33 32
22. Sentral Kordoba 27 8 7 12 29-36 31
23. Arxentinos Xuniors 27 8 6 13 22-28 30
24. San Lorenso 27 7 8 12 20-26 29
25. Nyuellz Old Boyz 27 7 7 13 22-35 28
26. Sarmyento 27 5 11 11 18-28 26
27. Banfild 27 5 9 13 22-36 24
28. Barrakas Sentral 27 4 11 12 15-33 23
Bombardirlər: F.Xara (Belqrano) - 13, B.Romero (Veles Sarsfild) - 12, Borxa (River Pleyt) - 11, M.Ximenes (Boka Xuniors), Pelleqrino (Platense) - 10, Akino (Veles Sarsfild), Avalos (İndependyente), X.Errera (Deportivo Riestra) - 9.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta