ABŞ Ukraynaya İsrailin düşmən raketlərindən qorunmaq üçün istifadə etdiyi “Dəmir Qübbə”nin analoqunu verməli və Rusiyaya Vaşinqtonun hərbi güc tətbiq etməyə hazır olduğunu açıq şəkildə bildirməlidir.
Editor.az bildirir ki, bunu “LIGA.net” saytına şərhində amerikalı siyasətçi və ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta deyib. “Biz Putinə başa salmalıyıq ki, heç bir halda Rusiyanın Ukraynada uğur qazanmasına imkan verməyəcəyik. Bu, Kiyevi qabaqcıl silahlarla təmin etmək, lazım gələrsə, Rusiyadakı hədəfləri vurmaq, pilotsuz təyyarələri və raketləri Ukrayna torpaqlarına hücum etməmişdən əvvəl məhv etmək deməkdir”, – deyə o, jurnalistlərə bildirib.
ABŞ-ın keçmiş müdafiə naziri əlavə edib ki, ABŞ Ukraynaya “Dəmir Qübbə”nin ekvivalenti verməlidir. O vurğulayıb ki, İsrail onun köməyi ilə İran və müttəfiqləri tərəfindən ölkəyə atılan raketlərin 90%-dən çoxunu vurmağa qadirdir. “Kiyev də eyni qabiliyyətə malik olmalıdır. Biz indi daha çox silah verməliyik. Çünki məqsəd Ukraynaya müharibədə təşəbbüsü bərpa etmək imkanı vermək və Putinə uğur qazana bilməyəcəyini başa salmaqdır”, – Panetta əmin edib.
//Samir Qurbanov, Editor.az