AZ

Təyyarə qəzasında xəsarət alanlar üçün 1,5 mindən çox insan qan verib - Qazaxıstan Səhiyyə Nazirliyi

Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alanlar üçün Qazaxıstanda 1,5 mindən çox insan qan verib. SİA Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Akmaral Alnazarova Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi altında keçirilən müşavirədə bildirib.

"800 litr qan verilib. Aktauda 490, Astanada 600-dən çox, Şımkentdə 125, Aktobedə 109, Jetısuda 49, Karaqandada 40, Şərqi Qazaxıstan vilayətində 34 nəfər donor məntəqələrinə gəlib", - o qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Seçilən
5
49
sia.az

10Mənbələr