Dekabrın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Kollegiya iclası 25.12.2024-cü il tarixdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanaraq qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr dilənib, xəsarət alan şəxslərə isə tezliklə şəfa tapmaları arzu edilib.
Baş prokuror Kamran Əliyev çıxışında bildirib ki, başa vurmaqda olduğumuz 2024-cü il Azərbaycan xalqı və dövlətimiz üçün mühüm hadisələrlə zəngin, yadda qalan bir il olmuşdur. Bu hadisələrin əksəriyyəti ölkəmiz üçün uğurlu hesab edilə biləcək qəbildən olsa da, yaşanan təyyarə qəzası ilə bağlı baş vermiş faciə qəlbimizdə dərin izlər buraxmışdır.
Qeyd edilib ki, təyyarə qəzasının baş verməsindən dərhal sonra Prezident cənab İlham Əliyevin göstərişi əsasında hadisə yerinə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və qəza nəticəsində xəsarət almış vətəndaşlarımıza təxirəsalınmaz və ixtisaslaşmış tibbi, habelə psixoloji yardımın göstərilməsinin təmini məqsədilə zəruri tibbi avadanlıqlarla təchiz olunmuş həkim heyəti ezam olunmuş, hadisənin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılmış, bundan əlavə ölkə rəhbəri tərəfindən xəsarət almış vətəndaşlarımızın ölkəmizə təxliyə edilməsi, onların ölkəmizdə müalicəsinin davam etdirilməsi məqsədilə zəruri şəraitin yaradılması, həlak olmuş şəxslərin nəşlərinin gətirilməsi, zərərçəkmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.
Eyni zamanda məlumat verilib ki, hadisə baş verdikdən sonra Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış və hazırda İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Bundan əlavə aidiyyəti dövlət qurumları, habelə Qazaxıstan Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikasının prokurorluq orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və qısa müddət ərzində bu istiqamətdə konkret nəticələrin əldə edilməsi təmin olunacaqdır.
Daha sonra vurğulanıb ki, 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində cari ilin 07 fevral tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti, cari ilin 01 sentyabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkiləri keçirilmişdir.
Uğurla keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab Prezident İlham Əliyevin mütləq səs çoxluğu ilə (92,12%) Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımız tərəfindən onun şəxsinə bəslənilən rəğbətin, etimadın bariz nümunəsi olmuşdur.
Ulu öndər Heydər Əliyev əqidəsinə və prinsiplərinə daim sadiq qalmış ölkə başçısının rəhbərliyi altında ölkəmizdə bütün sahələr üzrə əldə edilmiş inkişaf, torpaqlarımızın işğaldan azad edilməsi, qısa müddət ərzində həmin ərazilərin əksər hissəsində infrastrukturun bərpası və sakinlərimizin öz doğma el-obalarına köçürülməsi, beynəlxalq aləmdə Azərbaycanın həll edici mövqeyə malik bir dövlət kimi qərarlaşması və əldə edilmiş digər uğurlar xalqımızın sərbəst iradə ifadəsinin düzgün istiqamətdə olduğunu bir daha təsdiq edir.
Diqqətə çatdırılıb ki, cari ildə də Prezident cənab İlham Əliyevin rəhbərliyi və onun xanımı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri də davam etdirilib, Ağdam, Cəbrayıl, Zəngilan və Şuşa rayonlarında ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulub, çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin, o cümlədən Qarabağ Universitetinin açılışı olmuşdur.
Sevindirici haldır ki, bütün bu işlər dövlətimizin öz maddi imkanları hesabına həyata keçirilmişdir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Laçın, Füzuli, Şuşa, Cəbrayıl və Zəngilan rayonlarına sakinlərin bir qisminin köçürülməsi və onların yaşayış evləri, mənzillərlə təmin edilməsi uğurla həyata keçirilmişdir.
Daha sonra vurğulanıb ki, 2024-cü il ərzində ölkəmiz həmçinin bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Belə ki, cari ilin noyabr ayında Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29-un) yüksək təşkilatçılıqla keçirilməsi təmin olunmuş, illərdən bəri qəbulu uzanan bir sıra mühüm qərarların, o cümlədən iqtisadiyyatı zəif dövlətlərə iqlim dəyişikliyi ilə bağlı mübarizəyə dəstək verilməsi üçün 2030-cu ilədək 300 milyard vəsaitin ayrılması ilə bağlı qərarın yekdilliklə qəbul edilməsi isə keçirilən tədbirə tarixi əhəmiyyət bəxş etmişdir.
Həmin tədbir çərçivəsində noyabr ayının 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə COP29 Sədrliyinin təşəbbüslərindən (Presidency initiative) biri olan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli iclas keçirilmişdir.
Bundan əlavə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cari ilin 27 sentyabr - 02 oktyabr tarixlərində 170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə Bakı şəhərində yüksək peşəkarlıqla təşkili və keçirilməsi təmin edilmişdir.
Çıxışda həmçinin ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü bildirilib.
Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin edildiyi qeyd edilib.
Bundan əlavə Kamran Əliyev qeyd edib ki, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində ümumilikdə 2548 epizod üzrə ittham olunan Qukasyan Arkadi Arşaviri, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki və qeyriləri olmaqla 15 nəfər barəsində istintaq olunmuş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir və həmin iş üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı tədbirlərin icrası qanunla müəyyən edilmiş qaydada icra olunacaqdır.
Eyni zamanda Baş prokuror tərəfindən Kollegiya iclasında 2025-ci ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarının qarşısında duran digər mühüm məsələlər, o cümlədən 2025-ci ilin 19-23 may tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin Korrupsiyaya qarşı mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsinin (GLoBE) rəhbər komitəsinin iclasının və altıncı plenar sessiyasına hazırlıq işlərinin görülməsi və həmin beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinin təşkili barədə müvafiq tapşırıqlar verilib.
İclasda həmçinin Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, 2024-cü ildə keçirilmiş beynəlxalq tədbirlərlə bağlı görülmüş işlər və növbəti ildə keçiriləcək beynəlxalq tədbirlərlə əlaqədar qarşıda duran vəzifələr barədə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov məruzələrlə çıxış ediblər.
Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda Kollegiyanın qərarı ilə bir sıra məsələ üzrə qərarlar qəbul olunub.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqımızın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.