1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Məlum olduğu kimi, Rusiya tərəfi artıq təyyarə qəzasına görə öz səhvini etiraf etdi və bu ölkənin Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq etdi. Qeyd etməliyik ki, bütün bu proses və nəticə bizim Prezidentin qətiyyətli prinsipiallığı nəticəsində baş verdi".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, ilk gündən Prezident İlham Əliyev bu məsələyə çox operativ reaksiya verdi, Rusiyaya səfərindən geri döndü, müşavirə keçirərək komissiya yaratdı və bütün zəruri addımları atdı:
"Bu məsələdə Azərbaycan Prezidentin rəhbərliyi ilə böyük qətiyyət və prinsipiallıq nümayiş etdirdi. Yəni Azərbaycan sona kimi öz mövqeyini qəti şəkildə ortaya qoydu və Rusiya tərəfi də anladı ki, Azərbaycandan üzr istəməkdən başqa yol yoxdur. Çünki bu, sadə bir məsələ deyildi və bütün dünyada çox geniş bir formada müzakirə olunurdu. Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu və öz məqsədinə nail oldu. Yəni Azərbaycanın istəyi də bundan ibarət idi ki, Rusiya tərəfi bu faciənin baş verməsinə görə təəssüflənsin və üzrxahlıq etsin. Artıq Azərbaycan məqsədinə nail oldu və bu, Prezidentin rəhbərliyi altında Azərbaycanın uğuru kimi qiymətləndirməlidir", - deyə deputat fikrini yekunlaşdırıb.
Deputat Aydın Mirzəzadə isə Oxu.Az-a açıqlamasında bildirib ki, məlum təyyarə qəzasından sonra, demək olar ki, hər gün təyyarəmizin Rusiya səmasında raketlə vurulmasına dair çoxsaylı fakt ortaya çıxır, ancaq bununla bağlı Rusiya tərəfinin susması, Azərbaycan tərəfinə üzrxahlıq etməməsi cəmiyyətimizdə ciddi narazılıq doğururdu:
"Dövlətlər arasında istənilən problem ola bilər, lakin dövlət rəsmiləri mütləq bu narazılığı aradan qaldırmaq üçün ciddi addımlar atırlar. Amma nədənsə Rusiya tərəfindən Azərbaycandan üzrxahlıq etmək, yaranmış problemi həll etmək üçün addımlar atmaq görünüşü yox idi. Bununla belə, bu gün Rusiya prezidentinin Azərbaycan Prezidentinə zəng edərək üzr istəməsi, günahkarların cəzalandırılması üçün tədbirlər görəcəyi öhdəliyini götürməsi onu göstərir ki, Rusiya və Azərbaycan aralarında olan istənilən problemi həll etmək iqtidarındadırlar və Azərbaycan kimi Rusiya da öz qonşusu ilə yaxşı münasibətlərin saxlanılmasında maraqlıdır. Çünki iki ölkə və liderlər arasında yaxşı münasibətlər var. Bu baxımdan, Azərbaycan və Rusiya arasında gərginliyin yaranması heç də bu ölkələrin maraqlarına xidmət etmirdi. Hesab edirəm ki, bundan irəli gələn digər məsələlər də prezidentlərin tapşırığı ilə yaxın vaxtlarda həll ediləcək".
"Bu günlərdə Azərbaycan dövlətinin, şəxsən Azərbaycan Prezidentinin aviaqəza ilə bağlı tutduğu mövqe Azərbaycanın öz müstəqilliyini, suverenliyini ən yüksək səviyyədə qorumaq qabiliyyətinə malik olduğunu, Azərbaycanın öz qürurunu qorumaq bacarığında olduğunu bir daha göstərdi. Rusiya prezidentinin üzr istəməsindən sonra situasiyanın əvvəlki mehriban qonşuluq münasibətlərinə qayıdacağı gözlənilir", - deyə müsahibimiz əlavə edib.
Mərahim Nəsib