AZ

İldırımzadə qardaşları Bakıya icra başçısı təyin etdirəcəkmiş - Yarım milyonluq cinayət işi

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadənxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulovun verdikləri vəsatətlər müzakirə olunub.

Qeyd edək ki, ötən məhkəmə iclasında zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin məhkəmədən yayınmaq, məhkəmə iclaslarına gəlməmək ehtimalı var. Vəkil hesab edib ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək fikirləri yoxdur:

"Onların ziyanı ödəmək fikirləri olsaydı, bunu vaxtında edərdilər. Ziyanı ödəməkdən yayınırlar. Azadlıqda qalmaları onların yeni cinayətlər törətmələrinə imkan yaradır. Bizdə məlumat var ki, digər cinayət işləri üzrə hazırda istintaqı aparılan işlərdə Rasim İldırımzadənin adı keçir. Bu da onu deməyə əsas verir ki, qanunsuz əməllərinə davam edir", - deyə Sadiq Rəsulov qeyd edib.

Vəkil həmçinin deyib ki, təqsirləndirilən şəxslər zərərçəkmişə dəymiş ziyanın böyük hissəsini ödəməyib. Vəkil qaldırdığı vəsatətin təmin edilməsini istəyib.

Bundan əlavə, Rasim İldırımzadənin vəkili Cahangir Şükürov da vəsatət verib. Qeyd edib ki, ibtidai araşdırmada qanun pozuntusuna yol verilib, buna görə işin ibtidai istintaqa qaytarılmasını istəyir. Vəkil qeyd edib ki, həm onun özünün, həm də müvəkkilinin imzaları iş materiallarında saxtalaşdırılıb.

Digər təqsirləndirilən Qoşqar Məmmədovun vəkili Nurlan Məmmədov Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən işin ibtidai istintaqa qaytarılmasını istəyib. Nurlan Məmmədov hesab edir ki, cinayət işinin başlanmasına xitam verilməlidir. Qeyd edib ki, şikayət edən şəxsin ərizəsi yoxdur, iş materiallarına cinayət işinin başlanması barədə qərar daxil edilməyib.

Vəkil əlavə edib ki, Qoşqar Məmmədov ibtidai istintaq zamanı işi araşdıran müstəntiq Kamran Əliyevə etiraz edib, amma etiraz təmin olunmayıb.

Zərərçəkmiş şəxsin nümayəndəsinin təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə münasibət bildirən Nurlan Məmmədov bunun üçün heç bir əsas olmadığını deyib.

Vəsatətlərin müzakirə olunması zamanı Cahangir Şükürov bildirib ki, müvəkkili ilkin istintaq zamanı qanunsuz olaraq saxlanılıb: "İttiham aktı Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozularaq hazırlanıb. Müstəntiq iş materiallarında olan protokolda həm müdafiə etdiyim şəxsin, həm də mənim imzamı saxtalaşdırıb. İşin əlavə istintaq hərəkətləri aparılması üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyirik".

Təqsirləndirilən şəxslər vəkilləri ilə razı olduqlarını qeyd ediblər.

Vəsatətlərə münasibət bildirən dövlət ittihamçısı bildirib ki, vəkillərin vəsatətlərin təmin olunması üçün əsaslar yoxdur. Həkimlər vəsatətləri təmin etməyib.

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin barəsində olan ittiham aktını elan edib.

Hakim təqsirləndirilən şəxslərə ittihamın mahiyyətini, həmçinin onların hüquqlarını izah edib. Bildirib ki, təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə sübuta yetirilsə, onların 10 ildən 14 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Seçilən
68
3
publika.az

10Mənbələr