Azərbaycan Prezidenti İlham Əliyev AZAL-a məxsus təyyarənin Rusiya ərazində vurulması və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğramasıı ilə bağlı faktları səsləndirib və Rusiyadan kompensasiya tələb edib.
Bu barədə “Report” “News.ru”ya istinadən məlumat verir.
Portalın məlumatına görə, dekabrın 29-da İlham Əliyev Aktauda baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimində iştirak edib. Bundan sonra o, Azərbaycan Televiziyasına müsahibə verib və faciənin təfərrüatlarından danışıb.
Nəşr qeyd edir ki, Azərbaycan Prezidenti təyyarənin yerdən açılan atəş nəticəsində zədələnməsi faktının göz qabağında olduğunu bildirib.
"Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb və idarəetməni demək olar ki, itirib. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Bu, təyyarəyə yetirilən birinci xətərdir”, - nəşr Prezident İlham Əliyevdən sitat gətirir.
Azərbaycan Prezidentinin fikrincə, Aktauda qəzaya uğramış təyyarənin füzelyajının qalıqlarının tədqiqi “quşlarla toqquşma” və ya “oksigen balonunun partlaması” versiyasını gündəlikdən çıxardı.
Prezident İlham Əliyev vurğulayıb ki, "əlbəttə, təyyarə qəsdən vurulmayıb".
"İndi Bakı Moskvadan günahını etiraf etməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edir. Azərbaycan lideri qeyd edib ki, təyyarə qəzası ilə bağlı “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək", - məqalədə qeyd olunur.
“Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu?”, – İlham Əliyev bildirib.