Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Sərəncamla qəza zamanı sağ qalan ekipaj üzvlərindən Zülfüqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
Bununla da Azərbaycanda bu yüksək ordenlə təltif olunanların sayı 7-ə çatıb. Aydan Rəhimli isə bu ordenə layiq görülən ilk qadın kimi tarixə düşüb.
Sonuncu dəfə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə ötən il Vasif Tağıyev təltif olunub. O, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə bu ordenə dövlət başçısı tərəfindən layiq görülüb.
2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir.