Slovakiya Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskinin qaz tranzitini dayandırmaq qərarından narazılığını ifadə edən açıq məktubu öz sosial şəbəkə hesablarında yayımlayıb.
Musavat.com-un məlumatına görə məktubda Fitso qeyd edib: "Ukrayna Prezidentinin birtərəfli qərarının ortaq Avropa səylərimizə əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyi şübhəsizdir".
Baş nazir həmçinin Slovakiyanın neft-qaz şirkəti SPP-nin məlumatlarına istinad edərək bildirib ki, qaz tranzitinin dayandırılması Avropa İttifaqına Rusiyadan daha çox ziyan vuracaq.
Fitso məktubunda Aİ-nin enerji təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayaraq, bu cür birtərəfli addımların regional həmrəyliyə və iqtisadi sabitliyə zərbə vurduğunu qeyd edib.
Baş nazir həmçinin Avropa liderlərini məsələyə diqqət yetirməyə və bu problemi həll etməyə çağırıb.