AZ

Azərbaycan iqtisadiyyatında sabitlikdən dayanıqlı inkişafa keçid - İCMAL

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu il Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əldə edilmiş uğurlarla yadda qalıb. Baş verən qlobal hadisələr fonunda iqtisadiyyatı sabit saxlamaq əslində elə ən böyük uğurdur. Lakin Azərbaycan bir çox iqtisadi sahələrdə mühüm inkişaf əldə edib, yeni mərhələlərə addım atıb. Bütün bunlar aparılan islahatların, görülən tədbirlərin, əldə edilən texnoloji yeniliklərin hesabına baş verib. İqtisadiyyat sahəsində səmərəli mühitin olması, qeyri-neft sektorunda ciddi inkişaf tempi, əhalinin gəlirlərinin artması və inflyasiyanın ciddi şəkildə azalması bu prosesə töhfə verən amillərdəndir. Qeyd etmək olar ki, Azərbaycanda ətraf mühitin qorunması, resurslardan səmərəli və davamlı istifadə baxımından "yaşıl iqtisadiyyat"a keçid dövrünün başlanması bu sahədə gələcək perspektivlər vəd edir.
Oxu.Az xəbər verir ki, bu yazıda "Report" Azərbaycan iqtisadiyyatında bir ildə həyata keçirilən yeniliklərə toxunur, əldə edilən uğurlara nəzər yetirir.
Proqnozların əksinə: Azərbaycan iqtisadiyyatında artım dalğası
Bu il Azərbaycanın ÜDM-lə bağlı artım göstəricisi, ölkənin düşünülmüş iqtisadi siyasətinin uğurunun parlaq nümunəsidir. Əvvəlcə qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2.7% səviyyəsində proqnozlaşdırmışdı. Lakin ilin ilk beş ayında iqtisadi artım tempi sabit qalaraq təxminən 5% səviyyəsində olub. Bu göstərici hökumətin yazda makroiqtisadi proqnozlarını yenidən nəzərdən keçirməsinə səbəb olub.
Bunun nəticəsində neftin baza ixrac qiyməti bir barel üçün 60 ABŞ dollarından 75 ABŞ dollarına qaldırılıb. ÜDM-in illik artım tempi isə 3.8%-ə yüksəlib, nominal ÜDM-in həcmi isə 3 milyard manat artırılaraq 121.3 milyard manata çatdırılıb. Xüsusilə, qeyri-neft-qaz ÜDM-in artım proqnozu 4.6%-dən 5.5%-ə yüksəldilib. Yaz mövsümündə daha nikbin gözləntilərlə neft-qaz sektorunda 2024-cü il üzrə proqnozda 1.7%-lik azalma əvəzinə 0.8%-lik artım nəzərdə tutulub.
Yay mövsümünün sonunda iqtisadiyyatdakı müsbət meyillər fonunda hökumətin yenidən proqnozlarını artıracağı gözlənilirdi. Sentyabr ayında bu proqnozlar öz təsdiqini tapıb: ÜDM artım tempi 3.8%-dən 4.2%-ə yüksəlib, nominal ÜDM isə əlavə 3 milyard manat artırılaraq 124.4 milyard manat səviyyəsinə çatdırılıb. Qeyri-neft sektorunda artım proqnozu 6.4%-ə çatdırılıb, neft sektorunda isə artım tempi 0.3% səviyyəsində müəyyən edilib.
Beynəlxalq maliyyə institutlarının baxışı
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (IMF), Asiya İnkişaf Bankı (ADB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi qurumlar bu il Azərbaycan iqtisadiyyatının dinamizmini vurğulayıb.
Dünya Bankı 2024-cü il üçün 3.2%-lik iqtisadi artım proqnozlaşdıraraq, ölkənin gələcək inkişafını da müsbət qiymətləndirib. IMF də oxşar proqnozlarla çıxış edib və 2025-ci ildə artımın 2.5% olacağını bildirib. ADB və EBRD-nin analitikləri isə Azərbaycanda bu il üçün müvafiq olaraq 2.7% və 3.8%-lik artım gözləntilərini ifadə ediblər.
Bu proqnozlar Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi şoklara dayanıqlı olmasını bir daha sübut edir.
Bu ilin 11 ayında ÜDM artımı 4.1%-ə, nominal həcm isə 113.3 milyard manata çatıb. Xüsusilə, qeyri-neft-qaz sektorunda 6.4%-lik artım, neft-qaz sektorunda isə 0.4%-lik artım müşahidə edilib.
Sənaye istehsalı yanvar-noyabr aylarında 1.1% artıb, orta illik inflyasiya isə 2023-cü ilin eyni dövründəki 8.8%-dən bu il 2%-ə qədər enib. Bu, hökumətin müəyyən etdiyi illik proqnozdan (2.7%) aşağıdır və Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya dəhlizinə (4±2%) uyğundur.
Azərbaycanın iqtisadi artımı ilə bağlı bu il üç əsas məqam xüsusilə diqqətəlayiqdir. Birincisi, ölkənin ÜDM artım tempi 2023-cü ildəki 1.1%-dən əhəmiyyətli dərəcədə yüksəkdir. İkincisi, Azərbaycanın iqtisadi artım tempi dünya üzrə orta göstəricidən (Dünya Bankı - 2.7%, IMF - 3.2%) əhəmiyyətli dərəcədə yüksəkdir. Üçüncüsü, manatın ABŞ dollarına nisbətən sabit məzənnəsi yerli valyutada əmanətlərin həcminin 11 ay ərzində 945.3 milyon manat artmasına səbəb olub.
Beləliklə, Azərbaycan iqtisadiyyatı bütün proqnozların əksinə olaraq, 2024-cü ildə yeni nailiyyətlərlə yadda qalacaq.
Sabitlik və inkişafın əsas dayaq nöqtəsi
Azərbaycan iqtisadiyyatında həm daxili, həm də xarici konyukturanın əlverişli olması ölkənin valyuta bazarına müsbət təsir göstərməkdə davam edir. Valyuta bazarının sabitliyinin təməl sütunu isə tədiyə balansının profisitidir. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabında 4 milyard ABŞ dolları həcmində profisit qeydə alınıb və bu da ÜDM-in 7.2%-ni təşkil edir. Bununla yanaşı, ilin 11 ayında ölkənin ticarət profisiti 5.6 milyard ABŞ dolları səviyyəsində olub.
Bu məqamda qeyd edək ki, neft-qaz sektorunda qiymətlərin və ixrac həcmlərinin azaldığı dövrdə belə, Azərbaycanın cari əməliyyatlar hesabında müsbət saldonu qoruması regional miqyasda önəmli nailiyyət kimi qiymətləndirilməlidir. Azərbaycan üçün isə bu balansın müsbət qalması iqtisadi dayanıqlığın ən əhəmiyyətli göstəricilərindən biridir.
Strateji hədəflərdən biri qeyri-neft ixracının artırılmasıdır. Hədəf 2027-ci ilə qədər bu rəqəmi 4.7 milyard ABŞ dollarına çatdırmaqdır ki, bu da 2023-cü ildəki 3.3 milyard ABŞ dollarlıq göstəriciyə nəzərən ciddi irəliləyiş deməkdir.
Valyuta ehtiyatları isə ölkənin iqtisadi qüdrətini bir daha təsdiq edir. 2024-cü ilin oktyabr ayına Azərbaycanın strateji valyuta ehtiyatları 73.5 milyard dollara çatıb ki, bu da ölkənin mal və xidmətlər üzrə 35.5 aylıq idxalını qarşılamaq üçün kifayətdir. Yalnız 9 ay ərzində bu ehtiyatların 7.3% artması ölkənin iqtisadi stabilliyini və potensialını əks etdirir.
Dayanıqlı fiskal siyasət
2024-cü il Azərbaycanın fiskal siyasətinin möhkəmliyini və dayanıqlılığını bir daha nümayiş etdirdi. Büdcə göstəriciləri neftin dünya bazarlarında əlverişli qiymətləri fonunda artırılaraq, ölkənin maliyyə sistemində sabit bir dinamika yaradıb. Maliyyə Nazirliyinin açıqlamasına görə, 2024-cü ilin 11 ayında dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.9% artıb, xərclərin artımı isə nisbətən aşağı, yəni 6.5% təşkil edib. Bu, hökumətin xərclərini səmərəli şəkildə idarə etdiyini göstərir.
Dekabrın 1-nə olan məlumata görə, dövlət büdcəsində yaranan 3 milyard manatdan çox profisit, iqtisadiyyatın müxtəlif sektorlarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi üçün güclü maliyyə ehtiyatı təmin edir. Bu maliyyə ehtiyatı, xüsusilə azad edilmiş ərazilərin bərpası, sosial proqramların genişləndirilməsi və müdafiə büdcəsinin artırılması istiqamətində istifadə olunacaq.
2025-ci ildə sosial rifahın daha da yaxşılaşdırılması məqsədilə minimum əmək haqqının, pensiyaların və digər sosial ödənişlərin artırılması planlaşdırılır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manatlıq vəsait ayrılması, həmin regionların yenidən qurulması prosesində mühüm irəliləyişlərə yol açacaq. Azərbaycanın hərbi büdcəsinin isə 5 milyard dollardan çox olması, Ermənistanın artan militarizasiya siyasətindən irəli gələn çağırışlara cavab vermək üçün atılan strateji bir addımdır.
Dövlət büdcəsində qeyri-neft sektorundan daxil olan vergilərin artması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların effektivliyini göstərir. Dövlət Vergi Xidmətinin məlumatına görə, 2024-cü ilin 11 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 14.1% artaraq, təxminən 10.3 milyard manat təşkil edib. Bu göstərici dövlət büdcəsi daxilolmalarında qeyri-neft-qaz gəlirlərinin payının 68.6%-ə çatmasını təmin edib.
Bu artım, Azərbaycan hökumətinin iqtisadiyyatın dayanıqlı inkişafına yönəlmiş siyasətinin uğurlu nəticələrindən biridir. Qeyri-neft sektorunun bu qədər əhəmiyyətli pay qazanması, ölkənin neft-qaz asılılığından çıxışını göstərir və iqtisadi diversifikasiya istiqamətində atılan növbəti addımları təşviq edir.
Nikbin gözlənti
Qeyd etdiyimiz kimi, bütün beynəlxalq maliyyə institutları və reytinq agentliklərinin qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayacaq. Doğrudur, ÜDM-in artım tempi bir qədər yavaşlayacaq. Lakin nəzərə almaq lazımdır ki, bu yalnız ilkin qiymətləndirmədir. Bu məqamda 2024-cü il üçün ilkin proqnozu və bu ildəki real vəziyyəti xatırlamaq yerinə düşər. Bundan başqa, unutmaq olmaz ki, 2025-ci il üçün neftin baza qiyməti 2024-cü illə müqayisədə daha aşağı nəzərdə tutulur (2025-ci ildə 70 dollar/barel, 2024-cü ildə gözlənilən orta qiymət 80 dollar/barel). Buna görə də reallıqda növbəti ildə iqtisadi artım templəri hökumətin proqnozlaşdırdığından daha yüksək olacaq.
Hazırda Azərbaycan hökumətinin əsas vəzifəsi iqtisadiyyatın şaxələndirilməsinə, onun dayanıqlığının və xarici investorlar üçün cəlbediciliyinin artırılmasına, qeyri-neft sektorunun daha da inkişafına yönəlmiş islahatların davam etdirilməsi və sürətləndirilməsidir. Bu gün Azərbaycan iqtisadiyyatının ortamüddətli dövrdə ildə təxminən 4% səviyyəsində dayanıqlı inkişafı üçün bütün fundamental əsaslar mövcuddur, bunun üçün ehtiyatları vaxtında müəyyən etmək və işə salmaq qalır.
Seçilən
51
31
oxu.az

10Mənbələr