Bakıda kişi 10 ildən çoxdur ki, küçədə yaşayır. 65 yaşlı Mehdi Əliyevin qonşuların verdiyi yorğan döşək, köhnə gödəkçə, əsa kimi istifadə etmək üçün yerdən tapdığı taxtadan başqa heç nəyi yoxdur.
O, Sahil qəsəbəsindəki yarımtikililərdən birində qalır və tək istəyinin sığınacağa yerləşdirilmək olduğunu deyir.
"Həyat yoldaşımla boşanmışıq. Bir oğlum, bir qızım var. Ailəm yaşayışıma görə məndən utanır. Mən də onları biabır etmək istəmədiyim üçün yanlarına getmirəm", - deyə o söyləyib.
M.Əliyev deyir ki, sığınacağa yerləşmək üçün müraciət edib, lakin yaşı 70-i keçmədiyi üçün onu qəbul etməyiblər.
Baku TV-nin müraciəti əsasında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi əraziyə gələrək baxış keçirib. Çətin şəraitdə yaşayan vətəndaşla həmsöbət olub qiymətləndirmə aparıb.