Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Medianews.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tibb elmləri doktoru, professor, Əməkdar həkim Kamran Musayev olub.
O, Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndindən söhbət açıb. Bildirib ki, 15 yaşı tamam olan kimi bu kənddə yaşayıb, 8-ci sinifi bitirdikdən sonra isə Bakıya gələrək təhsilini burada davam etdirib, ali məktəbə qəbul olub. K.Musayev bu gün Göllünün, o cümlədən yaşayış məntəqəsindəki maddi-mədəniyyət abidələrinin, mənəvi irsin erməni vandalizminə məruz qaldığını dilə gətirib.
Əməkdar həkim qeyd edib ki, hələ sovetlər birliyi dövründə Amasiya rayonunda, həmçinin Gümrü şəhərində yaşayan azərbaycanlılar daim ermənilərin təqibləri, ayrı-seçkilikləri ilə üzləşiblər. 1980-ci illərin sonlarına doğru bu yanaşma daha da kəskinləşib. Rayon və şəhər mərkəzinə gedən azərbaycanlılar döyülüb, ən müxtəlif fiziki-mənəvi zorakılıqlara məruz qalıblar. Hətta cəzasıqlıq mühitindən sui-istifadə edən erməni silahlı dəstələri azərbaycanlılar yaşayan kəndlərə basqın ediblər.
Professorun sözlərinə görə, vəziyyətin getdikcə daha da mürəkkəbləşdiyini görən soydaşlarımız Türkiyə ilə sərhəddə mitinqlər keçirib, qardaş ölkədən kömək istəyiblər. Çünki SSRİ rəhbərliyi bütün bu proseslərdə ədalətli mövqe sərgiləməyib, azərbaycanlılara qarşı Ermənistanın etnik təmizləmə siyasətinə göz yumub. Nəticədə 1987-1991-ci illər ərzində 300 mindən artıq soydaşımız kimi, amasiyalılar, o cümlədən Göllü sakinləri də öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıblar. İndiyə qədər də Qərbi Azərbaycanın tarixi sakinləri öz el-obasına, doğmalarının uyuduğu torpaqlara həsrət qalıblar.
Tibbdə erməni xəstəliyinin müalicəsinin olmadığını diqqətə çatdıran Əməkdar həkim vurğulayıb ki, istər 1948-1953-cü illərin, istərsə də 1987-1991-ci illərin deportasiyasında öz ev-eşiyini, tarixən yaşadığı coğrafiyanı tərk edən soydaşlarımız məskunlaşdıqları aran zonasında iqlim dəyişikliyinə məruz qalıblar. Bu dəyişiklik onların sağlamlığına ciddi təsir edib, hətta kütləvi ölümünə səbəb olub.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini xatırladan professor deyib ki, bu hadisə nəticəsində qalib xalqa çevrilməyi, qamətimizi düzəltməyi bacarmışıq. Alimin sözlərinə görə, hazırda qarşıda duran əsas strateji hədəf Qərbi Azərbaycana qayıdışdır. K.Musayev əminliklə söyləyib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu hədəfə də tezliklə çatacağımız şübhə doğurmur.
Alpər TURAN