“Azərbaycan Hava Yolların”a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində ağır yaralanan 3 Azərbaycan vətəndaşı Bakıya gətirilib.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, yaralıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
***
Səhiyyə naziri Teymur Musayev onların səhhəti haqda danışıb: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göstəriş verildi və 2 xüsusi tibbi təyinatlı təyyarə Aktau şəhərinə yollandı. Belə ki, hazırda həmin 3 vətəndaşımız Bakıya gətirilib və müalicələrini “Yeni Klinika”nın reanimasiya şöbəsində davam etdirirlər. Hamsının vəziyyəti ağır və stabildir.
Ümidvarıq ki, peşəkar tibbi heyət onları tezliklə müsbət dinamikaya doğru apararaq sağlamlıqlarına qovuşduracaq”,- deyə nazir bildirib.
Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib. Daha öncə isə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.