AZ

Nazir: Təyyarə qəzasında xəsarət alan 3 yaralı Bakıda xəstəxanaya yerləşdirilib

Təyyarə qəzası nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilərək “Yeni klinika”ya yerləşdirilib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.

"Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alan 17 Azərbaycan vətəndaşından 3-ü müalicələrini Qazaxıstanda davam etdirirdilər. Qazaxıstanlı həmkarların çevik və peşəkar yanaşması nəticəsində onların bu gün Bakıya təxliyə məsələsi müzakirə olunub. Prezident İlham Əliyevin göstərişi ilə iki xüsusi tibbi təyinatlı təyyarə Aktau şəhərinə yollanıb. Hazırda həmin üç Azərbaycan vətəndaşı Bakıya gətirilib və müalicələrini “Yeni Klinika” tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirirlər. Onların hamısının vəziyyəti ağır-stabildir”, - T.Musayev bildirib.

Nazirin sözlərinə görə, xəsarət alan 17 nəfərdən doqquzu bu gün evə buraxılıb. Hazırda reanimasiyaya üç nəfər yerləşdirilib, beş nəfər isə stasionar şəraitdə müalicə alır.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Seçilən
89
49
far.az

10Mənbələr