Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra yeni administrasiya formalaşdırılmaqdadır. Suriyanın yeni lideri Əhməd əş-Şara Türkiyə vətəndaşı, “Muxtar Türki” ləqəbilə tanınan Ömər Məhəmməd Çiftçini Suriya ordusunda briqada generalı təyin edib.
Modern.az xəbər verir ki, bu barədə “Türkiye” qəzetinin məlumatında bildirilib.
Qeyd olunur ki, Çiftçi müharibənin lap əvvəlindən Bəşər Əsəd hökumətinə qarşı vuruşub və Əhməd əş-Şara yaxın olub. Ömər Çiftçinin ordu strukturunda əsas rol oynadığını bildirilir.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında onlar Hələb, Həma, Dəra və Homs da daxil olmaqla bir neçə əsas şəhəri nəzarətə götürüblər. Artıq dekabrın 8-də müxalifət qüvvələri Suriya hökumət qoşunlarının geri çəkilməyə məcbur edildiyi Dəməşqə daxil olub.
Suriya hökumətinin başçısı əl-Cəlali hakimiyyətin sülh yolu ilə ötürülməsinə hazır olduğunu açıqlayıb. Suriya prezidenti Bəşər Əsəd Dəməşq tutulanda Moskvaya qaçıb.
Hazırda Suriyanın yeni lideri Əhməd əş-Şara yeni administrasiya formalaşdırır.