Son dövrlərdə İranın dini tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirilən təhqirlər İran dövlətinin riyakar və ikiüzlü siyasətinin növbəti nümunəsidir.
Bu günlərdə də eyni halı müşahidə edirik. Belə ki, İran Dövlət Televiziyasında canlı yayımlanan “Çaldıran və Müqavimət Şəhidlərini Anma Mərasimi” proqramında oxşar hal baş verib.
İran lideri Ayətullah Xameneinin Ərdəbil nümayəndəsi Ayətullah Amuli də bu təhqirləri dinləyənlər sırasındadır...
Bu hadisələr İranın beynəlxalq səviyyədə məsuliyyətsiz davranışlarının tərkib hissəsi olmaqla yanaşı, onun bölgədə artan narahatlığını da göstərir.
Görünən odur ki, Azərbaycan Prezidentinin Güney Azərbaycanda və regionun digər hissələrində artan nüfuzu İran hakimiyyətini ciddi narahat edir.
Tofiq Abbasov
Mövzu ilə bağlı Musavat.com- a danışan politoloq Tofiq Abbasov deyir ki, dini tədbirlərdə belə şuarların səsləndirilməsi, ümumiyyətlə, lənətlərin yağıdırılması, sonra qarğışların yağıdırılması heç kəsə heç bir baş ucalığı gətirmir. Bu, dırnaq arası məlliflərin zəifliyindən xəbər verir, onların niyyətlərinin nə dərəcədə çirkin olmasına işıq salır. "Bəli, əlbəttə, burada mən elə başa düşürəm ki, ümumiyyətlə, inanclı adamlar, din adamları, xadimləri belə tədbirlərdə gərək dualar etsinlər ki, hər yerdə əmin- amanlıq, sabitlik olsun, qonşuluqda, sonra ətrafda insanlar firavan yaşasınlar. Bunun üçün insanları məhz belə ali fikirlərə, ali niyyətlərə sövq etmək lazımdır. Ancaq biz görürük ki, İranda belə tədbirlərdə bədniyyətli, qeyri- sağlam daxili ələmi olan insanlar çalışırlar nifaq yaratsınlar. Lazımsız nifrət püskürürlər, çalışırlar, kimlərisə zəmənin anti qəhrəmana çevirsinlər. Xüsusilə də liderləri hədəf alırlar. O liderləri ki, onlar uğurludurlar, öz xalqları üçün xidmət edirlər, öz ölkələrinin təhlükəsizliyini gücləndirirlər. Əlbəttə, bu çox lazımsız hərəkətlərdir və ilk növbədə xalqlar arasında soyuqluq yaradır, digər tərəfdən lazımsız trendləri, lazımsız cərəyanları gündəmə gətirir. Belə işlərlə, sərsəm deyimlərlə, niyyətlərlə, önə baxmaq, inkişafdan danışmaq yersizdir. İnkişaf, qardaşlıq sağlam niyyətləri sevir. Dost ölkələr belə xırda- para işləri görmür. İstənilən hökumət, istənilən dairə kütlənin qeyri- sağlam cərəyanlarına nə deyə bilər ki... Ola bilsin ki, hakimiyyət dəhlizlərindən kimlərsə bu insanlara xidmət edirlər, onlara təkan verirlər. Lakin bunun faydası olmayacaq, biz bundan əvvəl də İran tərəfindən bəzi qüvvələrin tikanlı münasibətini görmüşük. Azərbaycan dövlətinin də mövqeyi ondan ibarətdir ki, bu şeyləri təbliğ etməklə heç bir nailiyyət əldə etmək mümkün deyil. Əksinə, sağlam mühitin formalaşması şərtdir. Əgər hər hansısa anlaşılmazlıqlar, soyuqluqlar varsa, sağlam niyyətlə aradan qaldırmaq lazımdır. Bizim ölkənin rəhbərliyinin də hədəfi budur. Biz bütün bu iyrənc yanaşmaları İran xalqına şamil etmirik. Bu, marginal, geridə qalmış qrupların əməlləridir. Onlarla bizim yolumuz heç vaxt bir ola bilməz. Azərbaycan dövləti, rəhbərliyi bütün qonşularına sağlam fikirlə yanaşır. Bizim gücümüz bundadır".
Şahanə Rəhimli
Musavat.com