Hər il dekabrın 31-i televiziya kanallarında yayımlanan “Ötən ilin son gecəsi” filminin mətn müəllifi ilə bayram ərəfəsində söhbətləşmək elə filmin çəkildiyi illərə səyahət etmək deməkdir. Ötən əsrin ab-havasını hiss etmək üçün “90lar cafe”də dediyimiz vaxtda vədələşdik və bir neçə saatlıq zamanın fövqündə olmağı bacardıq...
Xalq yazıçısı Anarın APA-ya “Ötən ilin son gecəsi” müsahibəsi
– Anar müəllim, siz yaşda adamların növbəti ildən umacağı olur?
– Umacağı təkcə həmin ilə çıxmaq olur, yəni bir il də yaşamaq istəyir.
– 2025-dən başqa nələr gözləyirsiniz?
– Vaxt umuram. Həmişə deyirəm ki, ölümdən qorxmuram. Hamı gec-tez öləcək. Allah lütf edib ki, bu yaşa çatmışam. Yəqin, Allah belə lazım bilib. Təəssüf ki, dostlarımın çoxu vaxtsız getdi həyatdan. Bircə ondan qorxuram ki, əcəl qəfil gələr, natamam qalan bəzi işlərimi tamamlaya bilmərəm.
– Hansı işlərdi onlar?
– Beynimdə, ürəyimdə beş-altı kitab var ki, onları yazıb bitirmək istəyirəm.
– Məsələn?
– Müxtəlifdi... Aralarında bioqrafik kitablar da var. Bəziləri, demək olar, hazırdı... Gülməli də olsa, deyəcəm. “Keçən keçdi, olan oldu” adlı ailəmizin bioqrafiyasını əhatə edən kitab yazıram, bu kitabın anonsunu isə, XX əsrdə vermişdim... Bir ay lazımdı ki, tamamlayım. Çox güman, 25-ci ildə hazır olacaq.
– Digər kitablar nə barədədir?
– Dediyim kimi beş kitab hazırlayıram, hərəsi bir janrdadır. Biri povestdir, biri memuardır, biri esselərdi. Bir kitab da artıq nəşriyyatdadır. İki ailədə dörd Xalq şairi, üç Xalq yazıçısı. Səməd Vurğunla Rəsul Rzanın ailəsində dörd Xalq şairi var: Rəsul Rza, Nigar Rəfibəyli, Səməd Vurğun, Vaqif Səmədoğlu. Üç Xalq yazıçısı var: Ənvər Məmmədxanlı, Yusif Səmədoğlu və mən. Kitab bu barədədir.
– Ən yaddaqalan Yeni il axşamınız nə vaxt olub? Həmin Yeni ili yaddaqalan edən hadisələri xatırlayırsızmı?
– Hadisələr çox olub. Atam-anam sağ olanda Yeni il gecələrini onlarla birgə qeyd edirdim. Sonra ayrı yaşayası oldum, həmişə bayramı onlarla qeyd edə bilmədim. Buna görə təəssüflənirəm. Yeni ilə bir gün qalmış ailəmizin həyatında kədərli hadisə baş verdi, dekabrın 31-də qayınatam rəhmətə getdi. Anam deyirdi ki, bundan sonra siz Yeni ili kədərqarışıq hisslərlə qarşılayacaqsınız. O gündən çox illər keçməsinə baxmayaraq, hər il dekabrın 31-i onun məzarını ziyarət edirik.
– Atalı-analı bayramaxşamılarından yadınızda nə qalıb?
– Atamın bir sözünü xatırlayıram. Yeni ilin gəlişindən beş dəqiqə keçəndən sonra deyirdi: “Ay aman, artıq yeni ildən də beş dəqiqə keçdi”. Bir arzusu da var idi; deyirdi, bir gün də olsa, XXI əsrdə yaşayım. Qismət olmadı...
– Siz iki əsr gördünüz...
– Bəli.
– XXII əsri görməyi arzulamırsınız?
– Yox, daha ona qalmaram...
– Yeni ili xaricdə qarşılamısınız?
– Bəli, Moskvada.
– Necə xatırlayırsınız?
– Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov, bir neçə moskvalı dostumla birgə qarşılamışdıq Yeni ili. Elə adi, sadə masa arxasında...
– Həyat yoldaşınız Zemfira xanımın səhhətində yaranan problemlərə çox həssas yanaşırsınız. Hətta xaricdə olanda apteklərdən şəxsən özünüz dərman axtarırsınız...
– Bu xüsusi həssaslıq deyil, məncə, çox normal haldı. Elə belə də olmalıdır... Məsələn, Türkiyədən apteklərdən hansısa dərmanı axtarmağım çox adi haldır. Birinci dəfə bu söhbət Nəbi Xəzri ilə Türkiyədə səfərdəykən olub. Aptekdən Zemfira xanım üçün bir dərman axtarırdım. Nəbi müəllim buna çox təəccüblənmişdi. Niyə təəccüblənmişdi? İndi də bilmirəm. Ötən il sizinlə səfərdə olanda da eyni hal baş verdi, hətta Ulucay Akif bunu yazmışdı... Ailəmdi, ömür-gün yoldaşımdı, həyatımı onunla keçirmişəm. Yeddi yaşından tanıyıram onu...
– Yazıçılar məişət qayğılarından uzaqda dayanmağa çalışırlar. Amma elə hal yaşanır, istəsən də, istəməsən də, məişət gəlib yaxandan ikiəlli yapışır. Maraqlıdır, yazı-pozu əhlinin də övladları yerbəyer etmək kimi nigaranlığı var, ya onlar bu məsələyə bir az soyuq yanaşır?
– Valideynlik hissi peşəyə baxmır. Yazıçı da eynilə övladlarından ötrü nigaran olur. Özü də qəribədir, sən hamının qeydinə qala bilərsən, amma öz balanın qeydinə qalanda deyirlər ki, niyə sən ona xüsusi yanaşırsan?.. Bilirsən ki, oğlum da, qızım da yazır. Hər cür çalışıram ki, Yazıçılar Birliyi vasitəsilə onlar heç bir imtiyazdan yararlanmasın. Nə təqaüd, nə hansısa təltif, nə çap olunmaq, heç nə... Nə edirlərsə, öz güclərinə edirlər. Bu halda belə söz qoşurlar ki, Anar öz balalarına təqaüd verir. Görün, nəsə etsəydim, nələr danışardılar?! Onda da deyəcəkdilər ki, Anar Yazıçılar Birliyinin binasını balalarına bağışlayıb.
– Təsadüfən, bu gün Yusif Səmədoğlunun doğulduğu gündür...
– Həyatda rast gəldiyim ən işıqlı, təmiz adamlardan biri Yusif idi. Çox istedadlı yazıçı, incə qəlbli, zövqlü insan idi. Daim onun yeri görünür. Həm də çox həssas idi. Hansısa səbəblərdən ovqatım olmayanda Yusifin xüsusi qayğısını hiss edirdim... 93-cü ildə yeddi ay Türkiyədə dərs dedim. Getməmişdən əvvəl Yazıçılar Birliyində plenum çağırıldı və Yusif birliyin birinci katibi seçildi. O vaxtlar Yusifin ölkə rəhbərliyi ilə münasibətləri yaxşı idi və ona çox hörmət edirdilər. Başqası olsaydı, mənim Azərbaycanda olmamağımdan istifadə edib plenum çağırardı və Yazıçılar Birliyinin sədri olardı. Buna nə hökumət, nə də yazıçılar etiraz edərdi. Sözün açığı, mən də razı olardım. Amma Yusif bunu etmədi. Çünki dostluq, etibar onun üçün vəzifədən üstün idi. Qəzetlər mənim ölkədən birdəfəlik getməyim barədə yazanda Yusif təkzib yazırdı ki, Anar müvəqqəti gedib. Bunu çox az adam edə bilərdi. Həmin az adamlardan biri də Yusif idi.
– Altmışıncılar nəsrindən üçünüz qalmısınız: Əkrəm Əylisli, Elçin Əfəndiyev və siz. Hərdən elə bilirəm, gizlin hardasa görüşürsünüz. Bu, həqiqət olmasa belə, maraqlı yalandı...
– Elçinlə ayda bir dəfə, iki dəfə gizlin yox, aşkar görüşürük. Ya mən zəng edirəm, ya o zəng edir. Əkrəmlə görüşmürük.
– Əkrəm Əylislini görmək istəyirsiniz?
– Açığı, yox. Çünki mən ondan çox incimişəm. Atam haqqında, mənim haqqımda bütün yazdıqlarına baxmayaraq, vaxtilə “Komsomolski pravda” qəzetində onun haqqında məqalə yazdım. Moskvada Əkrəm barədə çıxan ilk yazı idi. Əkrəm deyir, Anar bu yazını da sifarişlə yazıb. Halbuki öz təşəbbüsümlə yazmışam. “Daş yuxular” haqq-hesabından sonra o təklənməsin deyə, həmin məqaləni Azərbaycan dilinə çevirib “Azərbaycan” jurnalında çap etdirdim. “Daş yuxular”dan sonra Azərbaycan mətbuatında ilk dəfə idi ki, Əkrəm haqqında müsbət yazı gedirdi. Dedim, Əkrəm nəcabət göstərər, zəng edib deyər ki, sağ ol, hamı məni pisikdirdiyi vaxtda sən belə addım atmısan. Olmadı, gördüm düzələn deyil...