Bir neçə gün idi ki, bəzi xəbər saytları komaya düşən aktyor Azər Baxşəlyev haqqında gah ölüm xəbəri yazır, gah da bunu təkzib edən məlumat yayırdı. Aktyorla bağlı bu cür xoşagəlməz informasiyaların tirajlanması sosial şəbəkələrdə də etirazlar doğurmuş və ictimaiyyətin xəbər saytlarını qınamağına səbəb olmuşdu.Qeyd edək ki, nəhayət dünən axşam həkimlər aktyorun ümumi vəziyyətində geridönməz proseslərin baş verdiyini nəzərə alaraq, onu süni tənəffüs aparatından ayırıblar.Bu gün səhər isə Azər Baxşəliyevin ölümü təsdiqlənib.Viral.az xəbər verir ki, tanınmış anestezioloq-reanimatoloq həkim Şahin Məmmədov öncəki günlərdə Azər Baxşəliyevlə bağlı fərqli məlumatların yayılmasına münasibət bildirib:
“Bu anlaşılmazlığa səbəblərdən biri də odur ki, beyin ölümü diaqnozu qoyulan insan yeni qanunlara görə, artıq ölmüş hesab edilir. Baxmayaraq ki, bu cür hallarda ürək döyünür, kardiomonitorda EKG, arterial təzyiq, temperatur, saturasiya göstərir. Ağır komada olan xəstələrdə olduğu kimi, bu cür insanlar süni tənəffüs aparatında müəyyən müddət saxlanılırlar.
Əvvəllər bu cür hallarda nə qədər ki ürək döyünür, süni tənəffüs aparatının söndürülməsinə icazə yox idi. Hazırda isə beyin ölümü diaqnozu qoyulmuş şəxslər tam ölmüş hesab olunduğu üçün süni tənəffüs aparatından ayırmaq qərarı verilə bilir”.
Tibbi baxımdan koma ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyətdir. Komaya girən adamda mərkəzi sinir sisteminin işi pozulur, huşu itir, bədən xarici qıcıqlara qarşı reaksiyasız olur, orqanizmin digər həyativacib funksiyaları getdikcə zəifləyir. Yəni komaya girən adam hələ ölmüş sayılmır. O ayıla da bilər. Ölüm faktının bioloji gerçəkləşməsi üçün beyin fəaliyyəti mütləq dayanmalıdır. Yalnız beyin fəaliyyəti dayanandan sonra ölüm faktı tibbi olaraq təsdiqlənir. //modern.az