Dünyada 20 min insanın ölümünə səbəb olan yemək kimi tanınan Koi Pla, Tay mətbəxinin məşhur yeməklərindən biridir.
Publika.az xəbər verir ki, çiy balıq və ədviyyatlarla hazırlanan bu yemək sağlamlıq üçün ciddi təhlükələr yaradır. Çiy balıqda mövcud olan Opistorchis viverrini adlı parazit qaraciyər xərçənginə səbəb ola bilər. Bu parazit xüsusilə Cənub-Şərqi Asiya ölkələrində, o cümlədən Tayland, Laos, Kamboca və Vyetnamda geniş yayılıb.
Koi Pla yeməyinin sağlamlığa mənfi təsiri əsasən Taylandın yoxsul bölgələri, xüsusən İsaan və Xon Kaen əyalətlərində müşahidə edilir. Bu bölgələrdə xolangiokarsinoma, yəni öd yolları və qaraciyər şişləri geniş yayılıb. Məhz bu yeməyin həddindən artıq istehlakı səbəbindən Taylandda hər il təxminən 20 min insanın həyatını itirdiyi düşünülür.
Yeməkdə istifadə edilən balıqlar əsasən Mekonq bölgəsindən gətirilir. Bu bölgənin su hövzələrində parazitlərə rast gəlinir və balıqlar bu parazitlərlə yoluxmuş ola bilər. Bu yastı qurdlar insan orqanizmində öd yollarında xəstəliklər yaradır və nəticədə qaraciyər xərçənginə səbəb olur.