AZ

Yas məclisində “kəşf edilən” aktyor - Sevdiyi aktrisadan boşanıb Azərbaycandan getdi - FOTOLAR

Yas məclisində “kəşf edilən” aktyor - Sevdiyi aktrisadan boşanıb Azərbaycandan getdi - FOTOLAR

60-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında xeyli bədii film çəkilib ki, onlara bu gün də maraqla tamaşa edirik. Belə ekran əsərlərindən biri də "Sən niyə susursan?” filmidir. 1966-cı ildə macəra janrında çəkilmiş bu filmin ssenari müəllifi və quruluşçu rejissoru görkəmli sənətkar Həsən Seyidbəylidir. O Həsən Seyidbəyli ki, ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi maraqlı ekran əsərlərilə Azərbaycan kino yaradıcılığının inkişafında müstəsna xidmətlər göstərib...

“Sən niyə susursan?” filmini yaşlı və orta nəsil tamaşaçılar auditoriyası yəqin ki, unutmayıb. Film həyatın çətinliklərini, insan münasibətlərini və mənəvi dəyərləri ustalıqla təsvir edir.
Bu ekran əsərindəki səhnələr Azərbaycanın müxtəlif məkanlarında - Bakı, Nardaran, Şəki, Zaqatala, Ağsu aşırımı, Qaradağ və Gəncə aliminium zavodunda çəkilib.
Filmin baş rolu - Rasim obrazı öz xarakteri ilə tamaşaçıların yaddaşında dərin iz buraxıb.


Rasim təhsil almış, texnikum bitirmiş gəncdir. Onun valideynləri avtomobil qəzasında faciəli şəkildə həlak olublar. O, avtobus parklarından birində növbətçi mexanik işləyir. İş elə gətirir ki, Rasim sevdiyi qızın - Sürəyyanın atası Şirməmmədə - brakonyerə balıqları lazımi yerə çatdırmaqda kömək etməyə razılaşır. Rasim ümid edir ki, bu, sevdiyi qızın ailəsinin ağır borcdan qurtarmasına kömək edəcəkdir. Brakonyerlər Rasimə yetim qızı, dinib-danışmayan Cəmiləni də qoşurlar. Qız bu çətin reysdə gəncə kömək etməlidir. Bir-birini tanımayan, lakin cinayət tərkibli bir işi yerinə yetirməli olan gənclər yolda olarkən müxtəlif adamlarla qarşılaşırlar. Rasim başa düşür ki, hətta məhəbbət naminə olsa belə, öz vicdanına qarşı kompromisə gedə bilməz. Və o, cinayət tərkibli bu işə qol qoymaqdan imtina edərək, özü brakonyerlərə qarşı çıxır.

Bəs Rasim obrazını canlandıran aktyor kimdir, haralardadır? O, sonralar hansı filmlərə çəkilib? Yəqin ki, bu suallar “Sən niyə susursan?”ı heç olmasa bir dəfə izləmiş tamaşaçıların da ağlından keçib...

Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə “Sən niyə susursan?” filmində baş rolun ifaçısı Xəyal Axundzadəyə həsr olunur.

Xəyal Axunzadzadə "Azərbaycanfilm”in istehsal etdiyi cəmi iki filmdə çəkilib - “Cazibə qüvvəsi” (1964) və “Sən niyə susursan?” (1966). Hər iki ekran əsərində də baş rolda oynayıb.


Onun haqqında informasiya çox azdır. Xəyal Axundzadə Bakıda ziyalı ailəsində dünyaya gəlib, atası akademik Axundzadə 60-cı illərin tanınmış elm adamlaından olub.

O vaxt Xəyal stend atıcılığı üzrə Azərbaycan çempionu olmuşdu. Yəni kinoya dəxli olmayan bir sahənin adamı idi. Peşəkar aktyor olmayan bu şəxsin kinoya gəlişinin maraqlı tarixçəsi var.

Onu kinorejissor Həsən Seyidbəyli təsadüfən bir məşhurun yas məclisində “kəşf etmişdi”.

Bu tapıntının tarixçəsi belədir: 1963-cü il dekabrın 9-da 43 yaşlı məşhur kinorejissor Lətif Səfərov (mərhum Xalq artisti Şövkət Ələkbərovanın həyat yoldaşı) ov tüfəngi ilə intihar edir. O zaman Səfərovlar ailəsinə başsağlığına gələnlərin axını olur. Səfərovlar ailəsinin qonşusu, akademik Axundzadə görəndə ki yas məclisinə gələnlərin sayı-hesabı yoxdur, onda öz mənzilinin qapısını taybatay açaraq qonaqların ixtiyarına verir. Yas məclisinin keçirildiyi günlərin birində Həsən Seyidbəyli də bir qrup kino işçisi ilə Lətif Səfərovun ailəsinə başsağlığı verməyə gəlir. Məclis davam etdiyi müddətdə ətrafı diqqətlə seyr edən Həsən Seyidbəylinin gözü ziyarətçilərə qulluq göstərən ev sahibinin oğluna sataşır. Elə həmin anda Həsən müəllimin ağlından bu yaraşıqlı gənci gələcək filmlərinin qəhrəmanına çevirmək fikri keçir. Gəncin xarici görünüşü və davranışları rejissorun xoşuna gəlir və bu onu dərindən düşünməyə vadar edir. Sonda Həsən müəllim belə qərara gəlir: onu mütləq öz filminə çəkəcək.

Bu hadisədən bir müddət sonra – 1964-cü ildə Həsən Seyidbəyli özünün ekranlaşdırdığı “Cazibə qüvvəsi” filminin sınaq çəkilişlərinə bir çox aktyorla yanaşı, Xəyal Axundzadəni də dəvət edir. İlk dəfə kinoya gəlib sınaq çəkilişlərinə qatılan Xəyal Axundzadə yaradıcı heyət tərəfindən bəyənilir və o, rola təsdiq olunur.

Beləcə, X.Axundzadə “Cazibə  qüvvəsi” filmində baş rola (Teymur) çəkilir.


Yeri gəlmişkən, bu filmdə Xəyal Axundzadənin tərəf müqabili olan aktrisa Rəna Səlimova (Gülbəniz rolunun ifaçısı) 1966-cı ildə onunla birgə “Sən niyə susursan?” filminə (Cəmilə) də çəkilir və hətta onlar gerçək həyatda ailə də qururlar. Amma bu ailənin ömrü uzun olmur...

Xəyal Axundzadə “Sən niyə susursan?” filmindəki Rasim obrazını səmimi, inandırıcı və təsirli şəkildə təqdim edərək, onun xarakterinin dərinliklərini və hisslərini ustalıqla tamaşaçıya çatdırıb. Yəqin razılaşarsınız ki, onun aktyorluq qabiliyyəti, emosional ifadələri və təbii oyun tərzi filmin təsir gücünü daha da artırıb və tamaşaçılarda rəğbət oyadıb. Başqa sözlə, Xəyal Axundzadə bu obrazdakı oyunu ilə filmə xüsusi bir dəyər qatıb desək, yəqin ki, yanılmarıq. Qeyri-peşəkar ifaçı olmasına rəğmən, onun filmdəki performansı Azərbaycan kinosunun istedadlı aktyorlarınınkından heç də geri qalmır.

“Sən niyə susursan?” filmində Yusif Vəliyev (Şirməmməd), Oleq Xabalov (Nəcəf), Məmmədsadıq Nuriyev (arıq), Həsənağa Turabov (milis mayoru), Fazil Salayev (qatil), Mirzə Babayev (avtomüfəttiş), Sadıq Hüseynov (sahə müvəkkili) kimi böyük aktyorlar çəkilib.

Xəyal Axundzadənin “Sən niyə susursan?” filmindəki rolu Azərbaycan kinosunda xüsusi yer tutur və onun ifası tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.
Yeri gəlmişkən, filmdə Rasim obrazını Xəyal Axundzadə canlandırsa da, onun səsi Əməkdar artist Həsən Əbluc tərəfindən səsləndirilib ki, bu da ekran əsərinin istehsal prosesindəki maraqlı detallardan biridir.


“Sən niyə susursan?” filmi ilə bağlı daha bri maraqlı detal var: 1995-ci ildə Nant kinofestivalının direktoru Filip Jolodo Azərbaycan kinosuna həsr olunmuş retrospektiv baxış üçün məhz bu filmi bəyənib və onu kinofestivalda nümayiş etdirib.

Ətraflı

Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bununla bağlı yazır:

“Nant kinofestivalı rəhbərinin diqqətini bu filmdə cəlb edən dövrümüzün son dərəcə aktual və mühüm bir probleminə toxunulmasıdır. Bu problem gənc nəslin həyatda özünə düzgün yol seçə bilməsi ilə bağlıdır. Bu yolda gəncləri min-bir çətinliklər gözləyir, onlar müxtəlif maneələrlə qarşılaşmalı və üz-üzə gəlməli olurlar. Film məhz bu çətinliklərlə mübarizəyə, maneələrin dəf edilməsinə həsr olunub. Filmin qəhrəmanı səhv də edir, bəzən əsl mənəvi sərvətləri lazım olan yerdə axtarmır, müxtəlif adamlarla, insan taleləri ilə qarşılaşır. O, dövrün böyük həqiqətini - ilk növbədə ədalət uğrunda mübarizə aparmağın vacibliyini həmin an dərk edə bilmir. Buna yiyələnmək üçün o, sınaqlardan keçməlidir. Çünki məhz bu çətin sınaqlar onun daxilində gizlənmiş böyük insani hisslərin oyanmasına kömək edəcəkdir. Nəhayət, Rasim (Xəyal Axundzadə-red.) öz həyat yoluna qalib kimi çıxır və başa düşür ki, insan cəmiyyətimizdə ara-sıra rast gəlinən natəmizlikləri görəndə susmamalıdır, var qüvvəsilə bu cür nöqsanlara qarşı mübarizə aparmalıdır”.

Yuxarıda qeyd etdiyimiz kimi, Xəyal Axundzadə çəkildiyi “Cazibə qüvvəsi” və “Sən niyə susursan?” filmlərində əsas rolları canlandırıb. Hər iki filmdə onun tərəf müqabili – digər baş rolun ifaçısı aktrisa Rəna Səlimova olub. Onlar hər iki filmdə bir-birlərinə aşiq olduqları kimi, gerçək həyatda da bir-birlərini seviblər. Bu sevgi sonralar evliliklə nəticələnib.

“Sən niyə susursan?” filmində Cəmilə obrazını oynamış aktrisa Rəna Səlimova o illəri belə xatırlayır:


“Xəyal Axundzadəylə tanışlığımız “Cazibə qüvvəsi” filminin çəkilişlərindən başladı. Xəyal yaraşıqlı oğlan idi. Daha sonra onunla “Sən niyə susursan?” filmində də çəkildim. Elə kinoya çəkilə-çəkilə aramızda gerçək sevgi yarandı. Xəyal mənim ilk sevgim olub. Bütün günü onunla bir yerdəydim. Onunla Gürcüstanda, Şəkidə, Gəncədə çəkilişlərdə olmuşam. Yavaş-yavaş başladıq qol-qola gəzməyə, sonra da evləndik...

…Sonralar mən başqa filmlərə dəvət aldım, amma Xəyalı çəkmirdilər. Çəkilişə başlayırdıq, Xəyaldan ayrı dayana bilmirdim, ürəyim partlayırdı. İşi yarımçıq qoyub qaçırdım. Axırda rejissorlar dedi ki, Rənanı filmə çəkmək olmaz, bu qız filmin yarısında qaçıb gedir.

Mən onunla “Sən niyə susursan?” filmindən sonra ailə qurmuşdum. Cəmi iki il bir yerdə yaşadıq. Onda hər ikimiz cavan idik. Məni kinolara çəkirdilər, onu yox, o da məni qısqanmağa başladı. Sonra həmişəlik ayrılmağa məcbur olduq”.

Təəssüf ki, qısa müddət ərzində Azərbaycan kino tarixində silinməz iz qoyan Xəyal Axundzadə sonralar başqa filmlərdə çəkilməyib. O, cəmi iki filmdə rol alsa da, oynadığı obrazlar və aktyorluq tərzi tamaşaçıların yaddaşına həkk olunub. Xəyal Axundzadə 90-cı illərin əvvəllərində Azərbaycanı tərk edərək Almaniyaya köçüb. İllər öncə qürbət ölkəyə köçən həmyerlimizin indi təxminən 80 yaşı olmalıdır. Əlbəttə əgər həyatdadırsa. Çünki Xəyal Axundzadənin hazırda həyatda olub-olmadığı barədə dəqiq məlumatı təəssüf ki, öyrənə bilmədik...

Seçilən
10
2
qlobal.net

10Mənbələr