“Yaxın illərdə ali təhsil müəssisələri semestr imtahanlarını test üsulu ilə keçirməlidir”.
Bu sözləri AzEdu.az-a təhsil eksperti Elçin Əfəndiyev bildirib.
“Hazırda ali təhsil müəssisələrində semestr imtahanları başlayıb. İmtahanlar ənənəvi qaydada keçirilir, yəni suallar əvvəlcədən tələbələrə təqdim olunur və həmin sualların bir neçəsi onların qarşısına çıxır. Bəzi ali təhsil müəssisələrində isə imtahan test üsulu ilə təşkil edilir”.
E. Əfəndiyev qeyd edib ki, test üsulu daha əlverişli modeldir, çünki bu format tələbələrin bilik və bacarıqlarını daha obyektiv şəkildə nümayiş etdirməyə imkan verir:
“Bilet üsulu ilə keçirilən imtahanların formatı artıq dəyişdirilməlidir. Tələbələrə semestr ərzində keçdikləri mövzuları əhatə edən 75-90 sual təqdim olunur. Təqdim olunan suallardan yalnız 5-i onların qarşısına çıxır. Bu üsul tələbələrin semestr imtahanına daha yaxşı hazırlaşmasına müəyyən dərəcədə kömək etsə də, eyni zamanda çətinliklər yaradır. Məsələn, tələbə bir neçə fənn üzrə hər birində 75-90 suala 3-4 gün ərzində hazırlaşmalı olur ki, bu da çox vaxt və enerji tələb edir”.
Ekspert sualların tələbələrə öncədən təqdim olunmamalı olduğunu qeyd edib:
“Əgər təqdim edilərsə də, yalnız konkret mövzuları əhatə etməli və tələbəyə hansı formatda sualların təqdim ediləcəyinə dair dəqiq təsəvvür verilməlidir. Bununla belə, ən məqsədəuyğun üsul test formatına keçid ola bilər. Ali təhsil müəssisələrində imtahanların test üsulu ilə keçirilməsi daha məqsədəuyğun olar, çünki bu zaman tələbələr imtahan nəticələrini daha tez öyrənə bilərlər, eyni zamanda imtahanlara daha səmərəli və sistemli şəkildə hazırlaşacaqlar.
Ümumilikdə, mövcud imtahan formatında dəyişikliklərə ehtiyac var və bu dəyişikliklər zəruridir. Düşünürəm ki, yaxın illərdə ali təhsil müəssisələri semestr imtahanlarını test üsulu ilə keçirməlidir. Bu, həm tələbələrin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə, həm də onların təhsil prosesində daha yüksək motivasiya ilə iştirakına kömək edəcək”.