Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxıstan və Rusiyada müşahidə olunur.
Bu barədə Səhiyyə Nazirliyindənverilən məlumatda qeyd edilib.
Məlumata görə, hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.
Nazirlikdən bildirilib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir və bütün dünyada geniş yayılıb:
"Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur".