AZ

Ter-Petrosyanın iç üzü açıldı: “Dinc azərbaycanlıları qırmağa...”

Ermənistanın faşist mahiyyəti, vaxtilə azərbaycanlılara qarşı etnik təmizləməyə yol verdiyi növbəti dəfə, elə bu ölkənin keçmiş liderinin dili ilə təsdiqini tapıb. 

Tanınmış videobloqer Albert İsakovun özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb.

“Demokrat” düşüncəli lider kimi qələmə verilən keçmiş prezident L.Ter-Petrosyanın çıxışını Ermənistanın digər eks-prezidenti Serj Sarkisyanın Xocalı Soyqırımı ilə bağlı səsləndirdiyi etirafların oxşarı da adlandırmaq olar. 

Ter-Petrosyanın yayılan bu videosunu izləyən hər kəs Ermənistanın müstəqilliyinin ilk illərindəki əsl mahiyyəti ilə yaxından tanış olmaq imkanı əldə edir. Bir daha bəlli olur ki, “azərbaycanlılarsız Ermənistan və Qarabağ” Ermənistanın gerçək mahiyyətini təşkil edib.

Video “demokrat”, “liberal” imicli Petrosyanın bütün kimliyini, onun əsl faşist təfəkkürünü ortaya qoyur.

Əvvəldən bildirək ki, Ter-Petrosyanın etirafı onun barəsində beynəlxalq məhkəmənin başlanmasına, cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir. Videobloqer Albert İsakovun təqdim etdiyi videoya yazılan şərhlərdə də bu, əsas xətt kimi keçir. 

L.Ter-Petrosyan o çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb:

“Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün “Artsax” (Qarabağ – red.), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.

İsakov bildirib ki, Ter-Petrosyan bu sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyib.

Ter-Petrosyanın 31 il öncə erməni milli hərəkatının hərbi qanadı kimi meydana çıxan “Yerpaka” üzvlərinin qarşısında dediyi bu fikirlər faşist, millətçi əhvali-ruhiyyənin, Azərbaycana qarşı nifrətin, kin-küdurətin hansı həddə olduğunu göstərir. Bu, bir daha Ermənistanın əvvəlki hakimiyyətlərinin soyqırımçı, etnik təmizləmə ruhunda olduqlarının təsdiqidir.

Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. Məsələn, birinci prezident indiki Ermənistanı azərbaycanlılardan necə “təmizlədiklərini” çəkinmədən söyləyir. 

Ardınca da əlavə edir ki, tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdilər. Gətirilən sitat isə sadəcə, dəhşət doğurur.

Hakimiyyətdə olmasının 8-ci ilində prezidentlikdən devrilib müxalifətə keçən bu “demokrat”ın ifadələri onun bəşəriyyətə qarşı cinayətlər törətmiş faşist lideri Adolf Hitler, serb cəllad Slobadan Miloşeviçlə birgə ittiham olunmasını şərtləndirir.

Eks-prezidentin bu videosunun niyə məhz indi, üstündən otuz ildən çox müddət keçdikdən sonra yayılması ola bilsin, təsadüfi deyil.

Ermənistanın indiki Baş naziri Nikol Paşinyan bundan əvvəl ölkənin ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. 

Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Albert İsakovun təqdim etdiyi videogörüntülər isə L.Ter-Petrosyanın bütün mahiyyətini ortaya qoyur. Şübhəsiz, bu video indiki Ermənistan rəhbərliyi tərəfindən bilərəkdən ortaya atılıb və birinci prezidentin nüfuzuna zərbə endirməyə yönəlib. Çox mümkündür ki, bu addım həm də daxili auditoriyaya yönəlib. Bunu da müəyyən mənada siyasi mübarizə vasitəsi saymaq olar. Ancaq bu detallar onların öz işidir.

Haqqında danışılan videoda səsləndirilən fikirlər sadəcə, ermənilərin bütün hakimiyyətlərinin, eks-prezidentlər - Levon-Ter Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanın faşist ideologiyasına xidmət etdiklərini təsdiqləyir. Məhz bu üç fiqur Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub məsuliyyətə cəlb edilməlidirlər. L.Ter-Petrosyan Qərbi Azərbaycandan, yerdə qalanlar isə Qarabağ və ətraf ərazilərdən azərbaycanlıların qovulmasında, ev-eşiklərindən məhrum olmalarında, törədilən soyqırımılarında birbaşa iştirak ediblər, tapşırıqlar veriblər.

Qeyd etdiyimiz kimi, səsləndirilən o fikirlər Beynəlxalq Cinayət Məhkəməsinin Ter-Petrosyan və onun ardıcılları – Robert Köçəryan, Sarkisyan barəsində cinayət işinin qaldırması üçün tam əsas verir. 

Onun dedikləri etnik təmizləmə siyasətinin necə planlı şəkildə həyata keçirildiyini aydın formada ortaya qoyur. Eyni zamanda, Ermənistandakı etnik təmizləmənin arxasında duran sistemli planları deyil, həm də Qarabağ münaqişəsi zamanı İrəvanın bölgədə apardığı işğalçı siyasətin mahiyyətini açır.

Ermənistanın birinci prezidenti etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində, Ermənistanda Basarkeçər, Uluxanlı, Amasiya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar.

Beləliklə, sonradan faşizm estafetini Köçəryan-Sarkisyana ötürən Njdenin davamçısı Levon Ter-Petrosyan üçün bu etiraf videosu onun məsuliyyətə cəlb olunması üçün yetərli faktdır. Ümid etmək olar ki, beynəlxalq təşkilatlar, o cümlədən soyqırımılarını araşdıran hüquq-müdafiə təşkilatı üçün bu çıxış-etiraf da əyani vasitə kimi istifadə olunacaq. Tək Ter-Petrosyan deyil, Ermənistanın ondan sonra hakimiyyətdə olmuş siyasi fiqurlarının da məsuliyyətə cəlb edilərək layiqli cəzalarını almalarının vaxtı çatıb.

Maraqlıdır, 1988-1990-ci illərdə Ermənistanda Miatsum hərəkatındə fəal rol oynayan, hətta bu hərəkata rəhbərlik edən şəxslərdən biri olan, Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aparmış hərbi-siyasi qruplara dəstək verən, “Dağlıq Qarabağ” münaqişəsinin alovlandıran, qatı millətçi və faşist təxəyyülü ilə hakimiyyətə gələn, Qarabağın işğal dövründə Ermənistana rəhbərlik edən Levon Ter-Petrosiyan necə oldu ki, 1997-ci ildə "Mərhələli həll planı" ortılığa çıxdığı zaman bütün millətçi təfəkkürlərini bir kənara atıb Azərbaycanla düşmənçiliyə son qoymaq niyyətinə düşmüşdü. 

Həmin zaman Petrosiyan Qarabağ ətrafı rayonları qaytarmaq, “Dağlıq Qarabağ”-ın statusunu gələcəyə saxlamaq və Azərbaycanla kommunikasiya xətlərini açmağa razılıq verməyə hazırlaşıdır. Hətta bu barədə Ermənistan ictimaiyyətini məlumatlandırmışdı. 

Halbuki vaxtilə hakimiyyəti gətirdiyi “Qarabağ klanı” (Köçəryan-Sarkisyan cütlütü) və “Yerkrapa” terror təşkilatının rəhəbri Vazgen Sarkisyan Petrosiyanın bu planlarına qəti şəkildə qarşı çıxdılar və onu hakimiyyətdən uzaqlaşdırdılar.

Həqiqətənmi, Petrosiyan çox böyük səhv etdiyini və “Dağlıq Qarabağ” münaqişəsinin Ermənistanı çox böyük siyasi fəlakətə və iqtisadi böhrana sürüklədiyini anlamışdı? Ermənistanın xilas yolunu “Dağlıq Qarabağ” münaqişəsinin həlli yolunda görürdü? 

Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Levon Ter-Petrosiyanın Ermənistan siyasi ictimaiyyətində yüksəlişi, hakimiyyətə gəlməsi və hakimiyyətdən uzaqlaşdırılması Rusiya ilə Qərb arasında münasibətlər kontekstində baş verib:

“Xatırladım ki, 1980-ci illərin sonu və 1990-ci illərin əvvələrində SSRİ-də müstəqilliyə yönələn hərəkatlar vardı. Azərbaycan, Gürcüstan və digər postsovet ölkələri bu prosesin içərisində idi.

Ermənistan da müəyyən mənada proseslər gedirdi. Amma Ermənistanda hərəkata rəhbərlik edən şəxslərin əsas hədəfi daha çox Azərbaycandan torpaq qoparmaq, yəni vaxtilə Azərbaycan SSRİ tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) Ermənistan SSRİ-yə birləşdirmək idi. Onlar siyasətlərini bu istiqamətdə qurmuşdular. Həmin proseslər fonunda Moskva müxtəlif vasitələrdən istifadə etməklə Cənubi Qafqazda vəziyyəti nəzarətdə saxlamağa çalışırdı.

Münaqişənin alovlandığı bir zamanda Kreml həm Qarabağda, həm də Ermənistanda öz agentura şəbəkəsini qurmuşdu. Həmin dövrdə DQMV-də hakimiyyətə gələnlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə bağlı şəxslər idi. Moskva öz təsir agentləri vasitəsilə “Dağlıq Qarabağ”da vəziyyətə nəzarət edirdi.

Eyni zamanda Qərbdə müəyyən dairələr də Ermənistanda və “Dağlıq Qarabağ”da baş verən proseslərə müdaxilə edirdi və Qərbə də bağlı təsir agentləri vardı.

Qeyd edim ki, 1988-ci ildə İrəvanda əsası qoyulan Qarabağ komitəsinə Qərbə meyil edən İqor Muradyan və digər şəxslər rəhbərlik edirdi. Qərbə meyil edən Paruyr Hayrikyan da özünün “Milli Müqəddaratını Təyinetmə” təşkilatı yaratmışdı. Muradyan və Hayrikyan həm Qarabağın Ermənistana birləşdiriməsinin, həm də Ermənistanın SSRİ-dən ayrılmasının tərəfdarı idilər.

Ondan sonra onlarla eyni mövqedə olan, ancaq kölgədə qalan Levon Ter-Petrosiyan ortalığa çıxdı. Qarabağ komitəsinə cəlb olunan Petrosiyan sonradan Muradyanı uzaqlaşdırmaqla komitəyə rəhbərlik etməyə başladı. 1990-1991-ci illərdə Petrosiyan əvvəlcə Ermənistan SSRİ Ali Sovetinin sədri, ondan sonra Ermənistanın prezidenti seçildi.

Petrosiyan da həm Qarabağın Ermənistana birləşdirilməsinin, həm də Ermənistanın SSRİ-dən ayrılmasının tərəfdarı idi. Petrosiyan yalnız bu yolla Ermənistanın rəhbər postunu ələ aldı. Petrosiyan birmənalı şəkildə Qərbin təsir agenti kimi çıxış edirdi və çox sərt anti-Sovet və anti-Rusiya mövqeyi sərgiləyirdi”.

Onun sözlərinə görə, Qərb Petrosiyana cidd siyasi dəstək verirdi:

“SSRİ-i dağıldıqdan sonra Levon Ter-Petrosiyan sərbəst şəkildə hərəkət etməyə və Qərbdən ciddi dəstək almağa başladı.

Petrosiyan da öz növbəsində Qərbin sifarişlərini yerini yetirirdi. 

Petrosiyanın prezidentlik dövründə Ermənistana ABŞ, Fransa və digər Qərb dövlətlər tərəfindən dəstək verilirdi. 1992-ci ilin oktyabrın 24-də ABŞ Konqressinin Senatında Azərbaycana qarşı 907-ci düzəliş (ABŞ-ninAzərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəlişdir) aktının qəbul olunması buna bariz sübutdur.

Petrosiyan hakimiyyəti Qərbin dəstəyinə arxalanaraq Azərbaycana qarşı təcavüzkar siyasət yürüdürdü. Buna baxmayaraq, Petrosiyan Rusiyanın da Ermənistanda təsir imkanlarını nəzərə alırdı və Rusiyanın sabiq prezidenti Boris Yeltsinlə yaxın münasibətləri vardı”.

Petrosiyanın Azərbaycanla kompromisə getməsi məsələsinə toxunan Akif Nağı vurğulayıb ki, Levon Ter-Petrosiyan öz addımlarını Qərblə məsləhətləşmədən atmırdı:

“Petrosiyan Qərbin təsir agenti olduğuna görə, bütün qərarları və addımları barədə Qərbdəki dairələrdən məsləhət alırdı. Azərbaycanla danışıqlarda Qərbin mövqeyindən çıxış edirdi. Məhz Qərbin məsləhəti ilə Petrosiyan 1997-ci ildə ATƏT-nin Minsk qrupu tərəfindən irəli sürülən “Mərhələli həll planı”na razılıq vermişdi.

Amma Petrosiyanın Qərb mövqeyindən çıxış etməsi Rusiya tərəfindən çox hiddətlə qarşılandı. Buna görə də Moskva Ermənistandakı təsir rıçaqları vasitəsilə 1998-ci ilin fevralında Petrosiyanı hakimiyyətdən uzaqlaşdırdı. Qərb Petrosiyanı müdafiə edə bilmədi.

Kreml özünə bağlı olan Robert Köçəryanı və onun komandasını hakimiyyətə gətirməklə Ermənistanda öz mövqeyini möhləmləndirdi. Nəticə etibarı ilə Qərbin Ermənistanda təsir imkanları məhdudlaşdı”. 

Partiya sədri bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Petrosiyanın siyasətini davam etdirir: 

“Paşinyan hakimiyyətinin ilk illərində Petrosiyan kimi Qərb mövqeyindən çıxış edirdi. Ancaq bir müddət sonra Rusiyanın mövqeyini nəzərə almağa məcbur oldu. Çünki Rusiyanın ciddi müqaviməti ilə üzləşmişdi. Amma ümumi götürəndə, Paşinyan Petrosiyanın siyasətini davam etdirir”. 

O bildirib ki, Ermənistanda kimin hakimiyyətdə olmasına baxmayaraq, onların hamısı erməni xislətinin daşıyıcıları olublar: 

“Onların hamısı türklərə qarşı nifrət bəsləyiblər, digər millətlərə qarşı aqressiv mövqe sərgiləyiblər. Petrosiyanın 1993-ci ildə “Yerkrapa” terror təşkilatı üzvlərinin qarşısında çıxışı ortalığa çıxandan sonra böyük rüsvayçılığın üstü açıldı.

Hətta müəyyən mənbələrin məlumatına görə, 1992-ci ildə Petrosiyan “Dağlıq Qarabağ” separatçıları ilə görüşündə erməni silahlarını dinc azərbaycanlıları qırmağa çağırmışdı.Petrosiyan etnik təmizləmini öz dövlətinin başlıca siyasəti kimi təqdim edib”. 

Seçilən
55
5
cebheinfo.az

10Mənbələr