İngiltərə Premyer Liqasının 20-ci turunda “Vulverhempton” “Nottingem Forest”i qəbul edib.
“Far.Az” xəbər verir ki, baş hakim Piter Benksin idarə etdiyi matç “Molinyu Stedium”da baş tutub.
Oyunda hesab erkən açılıb: artıq 7-ci dəqiqədə Morqan Gibb-Uayt “meşəçilər”in ilk qoluna imza atıb. Birinci hissədə növbəti qol 44-cü dəqiqədə vurulub: Kris Vud fərqi ikiyə çatdırıb. Matçda son nöqtəni isə nigeriyalı Tayvo Avonyi ümumi vaxta əlavə edilmiş 4-cü dəqiqədə qoyub: “Vulverhempton” – 0, “Nottingem Forest” – 3.
Beləliklə, “qurdlar”ın 20 oyundan sonra cəmi 16 xalı var. Portuqaliyalı mütəxəssis Vitor Pereyranın yetirmələri turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıblar. “Meşəçilər” isə tarix yazmağa davam edirlər. Mövsümün əvvəlində liqada qalmaq uğrunda mübarizə aparacağı güman edilən “Nottingem Forest”in 40 xalı var. Portuqaliyalı baş məşqçi Nunu Santunun yetirmələri 20 oyuna 40 xal qazanıblar. Bu qələbə ilə komanda ikinci pillədə qərarlaşan “Arsenal”la xallarını bərabərləşdirib.
Premyer Liqanın lideri isə Arne Slotun başçılıq etdiyi “Liverpul”dur. “Qırmızılar” son matçda “Mançester Yunayted” səddini aşa bilməyiblər.