Ötən gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Medianews.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru Nuru Məmmədov olub.
O, Qərbi Azərbaycanın Zəngibasar mahalından, doğulub boya-başa çatdığı Aşağı Necili kəndindən söhbət açıb. Bildirib ki, orta məktəbi bu kənddə bitirib, ardınca ali təhsil almaq üçün Azərbaycana üz tutub. Ali təhsilini başa vuraraq doğma kəndə qayıtmaq istəsə də, erməni millətçiləri onu, ümumən isə azərbaycanlı kadrları işlə təmin etməkdən boyun qaçırıblar. Məcburən Azərbaycanda yaşamağa, ali təhsilini davam etdirməyə, ixtisası üzrə işləməyə başlayıb. Lakin ata-baba yurdu ilə əlaqəsini kəsməyib. Bayramlarda, yay tətillərində Aşağı Neciliyə gedib, qohum-əqrəba ilə görüşüb, günlərlə kənddə qalıb.
Tarixçi-alimin sözlərinə görə, bu qədim yaşayış məntəqəsində milli-mənəvi dəyərlərimiz göz bəbəyi kimi qorunub, o cümlədən İslam dininin tələblərinə, Novruz Bayramı adətlərinə ən yüksək səviyyədə riayət olunub. Professor deyib ki, hətta buna görə sovet hökuməti kəndin mollasını Sibirə sürgün edib. Amma bu, Aşağı Necili sakinlərini öz dinindən, mənəviyyatından, tarixindən, adət-ənənələrindən ayrı salmayıb.
Qərbi Azərbaycanın tarixən Oğuz-Türk yurdu olduğunu dilə gətirən N.Məmmədov vurğulayıb ki, bu faktı erməni alimlərinin özləri də etiraf ediblər. Professor ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasətindən də danışıb.
Deyib ki, bu hadisələr çərçivəsində Aşağı Necili sakinləri iki dəfə soyqırımına məruz qalıblar. 1948-1953-cü illərdə 150 minə yaxın soydaşımız tarixi torpağından zorla köçürülüb. Minlərlə dinc sakin bu köçürülmə siyasəti nəticəsində həyatını itirib. 1988-ci il hadisələrində isə ermənilər azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar təşkil ediblər. Qarşıdurmalarda silahsız azərbaycanlılar fiziki-mənəvi işgəncələrə məruz qalıb, hətta öldürülüblər. Nəticədə 300 mindən çox Qərbi azərbaycanlı ata-baba yurdundan qovulub. Bununla da indiki Ermənistan monoetnik dövlətə çevrilib. Dünyada ikinci belə bir ölkə yoxdur.
Tarixçi-alim N.Məmmədov sonda qeyd edib ki, indiki Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı, soydaşlarımızın geriyə qayıtmaq hüququnu, həmçinin tarixi torpağına qovuşan azərbaycanlıların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməlidir.