AZ

Ukraynada müharibə bu il də bitməsə - ilginc gəlişmə

İlan ilində bəşəriyyətə nüvə təhdidi...

Dünya yeni bir qlobal fəlakətin astanasından dönübmüş.  Musavat.com-un artıq xəbər verdiyi kimi, ABŞ dövlət katibi Antoni Blinkenin “Financial Times” qəzetinə açıqlaması dünya ictimaiyyətini silkələyib. Blinkenin sözlərinə görə, Rusiya Ukraynada nüvə silahı tətbiq etməyə ciddi şəkildə hazırlaşırmış.

“Nüvə silahı ilə bağlı ehtimalın 5 faizdən 15 faizə yüksəlməsi belə, hər şeyin nə qədər təhlükəli olduğunu göstərir. Bu, heç vaxt gözardı edilə bilməz. Bizdə əsaslı məlumatlar var ki, Çin Rusiyaya xəbərdarlıq edib və açıq şəkildə bildirib: "Bunu etmə!", - deyə Blinken vurğulayıb.

Bu sensasion bəyanat, xüsusilə də böyük dövlətlər arasında balansın nə qədər kövrək olduğunu bir daha göstərir. Çin, görünür, bu dəfə öz təsirindən istifadə edərək, nüvə silahı kimi dağıdıcı bir addımın qarşısını almağa müvəffəq olub. Dünyanın taleyi bir qərardan asılı idi. Bundan sonra hadisələr necə inkişaf edəcək? Trampın Ağ Evə qayıdışı ilə dünyaya nüvə təhdidi artacaq, ya azalacaq? Ukrayna müharibəsi, nəhayət, İlan ilində  bitəcəkmi və necə? Rusiyada işləyən “Sky News” müxbiri İvor Bennett hesab edir  ki, 2025-ci ildə Ukraynada genişmiqyaslı müharibə, nəhayət, dayandırılacaq. Onun sözlərinə görə, hərbi əməliyyatlar dayandırılarsa, iki ölkə arasında münaqişə, sadəcə olaraq, dondurulacaq.

“Bu yaxınlarda hər iki tərəf sülh razılaşmasına nail olmaq üçün güzəştə getməyə hazır olduqlarını açıqladı”, - “Sky New”sun xəbərində deyilir. Jurnalistin fikrincə, danışıqlar qaçılmaz görünür: “Lakin Rusiya da öz növbəsində nəticədən asılı olmayaraq, bunu qələbə kimi təqdim edəcək. Düşünürəm ki, Kreml Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin 80-ci ildönümünə - mayın 9-nadək danışıqları başa çatdırmağa ümid edir. Məqsəd "ikiqat bayram" ovqatı yaratmaqdır".

Lakin nəşrə görə, müharibə bitsə belə, Putinin problemləri aradan qalxmayacaq: “Rusiya rəhbəri tezliklə yüksələn inflyasiya, zəifləmiş rubl və aşağı məhsuldarlıq da daxil olmaqla iqtisadi problemlərlə mübarizə aparmalı olacaq”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Trampın hakimiyyət kreslosunu təhvil alması ilə Ukrayna-Rusiya müharibəsinin bitəcəyinə inanmır: “Əvvəla, ona görə ki, ABŞ-da hər şey prezidentin iradəsindən asılı deyil. Xüsusilə Pentaqon və silah sənayesi ABŞ-da hökumətlərin iradəsindən kənar prinsiplərlə işləyir. Onların siyasətinə hansısa siyasi liderin təsir imkanları yox səviyyəsindədir. Əksinə, Pentaqon və digər güc strukturları ABŞ hökumətlərinə ən ciddi təsir edən qurumların başında gəlir. Baxmayaraq ki, Tramp ikinci hakimiyyəti dövründə ilk dövrdəkindən daha güclü olacaq. Çünki ilk hakimiyyəti illərində Senat və Nümayəndələr Palatası kimi qanunverici orqanlar Trampın əlində deyildi. 2016-cı il seçkilərində Nümayəndələr Palatasında çoxluq Demokratlara keçsə də, Senat Respublikaçılarda qalmışdı. Bu da istər-istəməz Trampın bəzi qərarları almasına mane olurdu. İndi isə Konqresin hər iki qanadı Respublikaçıların əlindədir və bu da Trampın əlini gücləndirir. Bununla belə, ABŞ dərin dövlətinin Konqresə təsir imkanları genişdir və bu da Trampın qarşısında əngəlləyici faktora çevrilə bilər.

Digər tərəfdən, Rusiya-Ukrayna savaşının dayandırılmasının ABŞ-ın milli maraqlarına nə qədər uyğun olub-olmaması da mübahisəlidir. Ukrayna savaşı davam etdikcə, Avropa dövlətləri daha çox ABŞ-a sığınır və onun təsir dairəsinə düşür. Savaş bitərsə, Avropa ölkələri yenidən daha müstəqil siyasət yeridə və Rusiya ilə yaxınlaşa bilər. Yenidən Avropa sənayesinin rus enerji resursları üzərində qurulması prosesi başlayar ki, bu da ABŞ-ın özünü dünyadan təcrid olunmuş vəziyyətə salar. Zənnimcə, Trampın hakimiyyətə gəlməsinə yaşıl işıq yandıran ABŞ dərin dövlətinin əsas məqsədi Avropa ölkələrini hərbi büdcələrini artırmasına nail olmaqdır və bu istiqamətdə bəzi addımlar artıq atılıb. NATO-nun yeni Baş katibi Mark Ruttenin bu yaxınlarda Avropa liderləri ilə görüşündə səsləndirdiyi bəzi fikirlər də bu ehtimalı gücləndirir. Rutte həmin görüşdə Avropa ölkələrinin soyuq savaşda ÜDM-lərinin ən azı 3%-ni hərbi büdcəyə ayırdığını, indi isə ÜDM-lərinin 2%-ni belə bu sahəyə sərf etmək istəmədiklərini xatırladaraq, NATO müttəfiqlərini qınadı. Bu isə o deməkdir ki, Tramp dövründə NATO dövlətləri silah alışlarını ən azı 2 dəfə artıracaq. Onların əsas bazarı isə ABŞ-dır. Deməli, ABŞ dərin dövləti Ukrayna savaşından istifadə edərək öz silah sənayesinə daha çox pullar qazandırmaq fikrindədir. Bu isə Ukrayna savaşının nəinki dayandırılacağı, əksinə, daha da şiddətləndiriləcəyi anlamına gəlir. Əks halda, yaranmış yeni sülh şəraiti Avropa ölkələrini silahlanma yarışına girməyə həvəsləndirməz və nəticədə ABŞ onlara istədiyi qədər silah sata bilməz.

Digər tərəfdən, ABŞ-ın öz karbohidrogen ehtiyatlarının istismarı və yeni bazar qazanmaq ehtiyacları da Ukrayna savaşının dayandırılmamasını tələb edir. Çünki Ukrayna savaşı dayanarsa, Avropa yenidən öz təbii qaz və neft istehlakını rus enerji mənbələrindən əldə etməyə çalışacaq. Ən azı o səbəbdən ki, rus qazı və nefti daha ucuz başa gəlir. ABŞ isə son illərə qədər öz ehtiyatlarına qənaətlə yanaşır və enerji resurslarını daha az ixrac etməyə çalışırdı.  Trampın ilk hakimiyyəti dövründən, yəni 2017-ci ildən başlayaraq isə  ABŞ neft və qaz istehsalını artırmağa başladı. Bir il sonra, 2018-ci ildə  artıq  dünya neftinin 17,9 faizi ABŞ-da hasil edildi. Beləcə, ABŞ son 6 il dünyanın ən böyük neft hasil edən ölkəsinə çevrildi. O, 2019-cu ildə neft hasilatını əvvəlki ilə nisbətən yüzdə 11 artaraq gündəlik 17 milyon 45 min barelə çatdırmışdı. Halbuki 2018-ci ildə ölkədə neft hasilatı sutkada 15 milyon 360 min barel səviyyəsində idi. Neft hasilatına dünya lideri olmaq vəsfini ABŞ indiyədək davam etdirir".

Heydər Oğuz

Heydər Oğuzun fikrincə, ABŞ-ın 2017-ci ildən etibarən neft və qaz hasilatını görünməmiş ölçüdə artırması dünya enerji mənbələrində baş verən dəyişikliklərlə bağlıdır: “Trampın ilk hakimiyyəti illərinə qədər ABŞ-da öz rezervlərini maksimum səviyyədə qənaətlə yanaşması gələcəyə hesablanmış strategiya ilə bağlı idi. Hələ uzun illər qlobal sənayenin əsas enerji mənbəyinin karbohidrogen məhsullar olacağını düşünən ABŞ dərin dövləti dünyanın digər coğrafiyalarındakı yataqların istismarında maraqlı idi. Öz ehtiyatlarını "qara gün"ə saxlayır, 1970-ci illərdə olduğu kimi, enerji böhranı ilə qarşılaşmamağı hədəfləyirdi.  Trampın ilk hakimiyyəti illəri ərəfəsində isə alternativ enerji mənbələrinə keçiş mərhələsi başladı. Elektriklə və digər enerji mənbələri ilə işləyən maşınlar ideyası ortaya çıxdı. Dolayısıyla ABŞ-ın “qara gün”ə saxladığı enerji mənbələri də artıq yükə çevrildi. ABŞ da öz növbəsində bu yükdən xilas olmaq və onu vaxtında daha baha qiymətə xərcləmək üçün hasilatı artırdı. Bu da nəticə etibarilə yeni enerji bazarları əldə etmək zərurəti yaratdı. ABŞ üçün ən rentabelli  bazar isə Avropa idi. Di gəl ki, Avropanın enerji ehtiyacının 45-50%-i Rusiyanın nəzarətində idi. Bu minvalla Rusiyanı Avropa bazarından qovmağa çalışan ABŞ onun yerini doldurmaq barədə düşünməyə başladı".

Siyasi şərhçinin fikrincə, ABŞ-ın Rusiyanın Avropa bazarını ələ keçirmə səyləri də məhz Trampın ilk hakimiyyəti illərində başlayıb: “2020-ci ilin əvvəlində Tramp administrasiyasının Dövlət  Departamentinin katibi Mayk Pompeo Kiyevə səfər etmiş və Lukaşenko ilə görüşündən sonra üzünü Şərqi Avropa ölkələrinə tutub bu fikirləri səsləndirmişdi: "Bizim istehsalçılar sizi rəqabətli qiymətlərə uyğun enerji ehtiyatları ilə 100 faiz təmin edə bilərlər". Belarusla müqavilə bağlayaraq, hətta ona təbii qaz da göndərmişdi. Bütün bunlar Trampın düşünüldüyü qədər “rus dostu” olmadığını, əksinə, Rusiyanın Avropa enerji bazarındakı mövqelərini ələ keçirməkdə hər kəsdən daha tələbkar olduğunu göstərir. Avropa bazarını ələ keçirməyin ən qısa yolu isə Ukrayna savaşının davam etməsi və getdikcə şiddətlənməsidir".

ABŞ-ın istər silah, istər neft və qaz sənayesi müəssisələrinin, istərsə də super güc olmaq maraqlarını nəzərə alan Heydər Oğuz Trampın Ukrayna savaşını bitirmək kimi bir arzusunun olmadığını düşünür. O ki qaldı Ukrayna savaşının nüvə müharibəsinə çevrilmək ehtimalına, siyasi şərhçinin fikrincə, bu da ABŞ liderlərinin ən çox arzuladığı hadisə olardı: “Zira Rusiyanın Ukrayna savaşında nüvə silahlarından istifadəsi ABŞ-ın Avropanı öz əlində tutmaq maraqlarına xidmət edər. Bu fəlakətdən faydalanan ABŞ nəinki Avropanı, bütün dünyanı eyni hədəfdə birləşdirib Rusiyanı tam təcrid vəziyyətinə sala bilər. Bununla da iqtisadi cəhətdən tamamilə çöküş prosesi yaşayan Rusiya bir daha özünə gələ bilməyəcək qədər zəifləyər və parçalanar. Prinsipcə, ABŞ administrasiyası da Rusiyanı bu perspektivlə üzləşəcəyi barədə dəfələrlə xəbərdarlıq edib. Müharibənin ilk ilində rus rəsmilərinin nüvə təhdidlərinə cavab verən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan mediaya verdiyi müsahibələrindən birində belə demişdi: "Rusiya sərhədi keçərsə, bunun Rusiya üçün fəlakətli nəticələri olacaq". Bundan əlavə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçən il rusiyalı həmkarı ilə söhbətində  belə dediyi nəql olunur: “Nəbadə, Ukraynaya nüvə silahlarından istifadə edəsiniz. Belə bir şey olarsa, Rusiyaya konvansional səviyyədə  elə bir cavab verərik ki, "kaş, nüvə hücumuna məruz qalardıq", - deyəriniz". Açığı, Putinin təkcə Çin həmkarının sözləri ilə yola gəldiyini düşünmürəm. ABŞ rəsmiləri də onu dəfələrlə nüvə savaşının ağır nəticələri ilə təhdid edib. Blinken ""Financial Times" qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərə gəlincə, əgər həqiqətən də belə bir söhbət olubsa, fikrimcə, Çin liderinin əsas qorxusu Rusiya sevgisindən qaynaqlanmayıb. Pekin yəqin ki, Rusiyanın beynəlxalq münasibətlərdə tamamilə təcrid vəziyyətinə salınmasını özü üçün də təhlükə kimi görür. Çünki Çinin Avropaya çıxışının ən təhlükəsiz marşrutu Rusiyadan keçir. Rusiya isə artıq üç ildir davam edən və nə zaman bitəcəyi bilinməyən Ukrayna savaşı nəticəsində onsuz da sanksiyalar altındadır və onun nüvə silahına əl atması daha ağır nəticələr doğura bilər. Görünür, Çin də artıq Rusiyanın öz növbəti səhvləri ilə vəziyyəti daha da korlayacağından ehtiyat edir və bunun Çinə də mənfi təsir göstərəcəyini düşünür".

Elşən MƏMMƏDƏLİYEV, 
Musavat.com

Seçilən
40
50
musavat.com

10Mənbələr