AZ

Nəfəs darlığı, səsin boğulması: Bu əlamətlər varsa, təcili həkimə gedin, yoxsa..

“Çində yayılan virusun simptomları digər respirator infeksiyalarla oxşardır, buna görə də virusun diaqnozunu qoymaq çətin məsələdir”.

Bu sözləri “Yeni Sabah”a infeksionist Aytən Ziyadova açıqlayıb.

O, metapnevmovirusun xüsusiyyətlərinə belə aydınlıq gətirib:

“HMPV infeksiyası öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı və səsin boğulması kimi tənəffüs yolu simptomları ilə müşayiət olunur. Bu simptomlar bir çox digər respirator infeksiyalarla oxşardır, buna görə də virusun diaqnozu bəzən çətin ola bilər. Virus əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslərdə daha tez-tez müşahidə olunur. İmmun sistemin zəif olduğu şəxslərdə (xroniki xəstəlikləri olanlar, məsələn, bronxial astma, ağciyər xəstəlikləri) infeksiya daha ağır keçə bilər, bronxit və pnevmoniya kimi fəsadlara səbəb ola bilər.

Müsbət tərəf odur ki, metapnevmovirus infeksiyası adətən 7-10 gün ərzində öz-özünə sağalır və xüsusən də sağlam insanlarda ciddi fəsadlarla nəticələnmir. İmmun sistemi zəif olan şəxslərdə və ya bronxial astma, ağciyər xəstəlikləri kimi yanaşı xəstəlikləri olanlarda infeksiya bronxit və ya pnevmoniya kimi ağırlaşmalarla nəticələnə bilər. Bu səbəbdən bu qruplar daha diqqətlə izlənilməli və zərurət yarandıqda müvafiq tibbi müdaxilələr edilməlidir”.

Həkim xəstəliyin müayinə və müalicəsi haqqında da məlumat verib:

“Yanaşı xəstəliyi olmayan və simptomlar öz-özünə aradan qalxan şəxslərdə, infeksiyanın laborator müayinələrlə müəyyən edilməsi müalicənin dəyişməsinə səbəb olmur. Beynəlxalq tibbi protokollara əsasən, rutin olaraq bu tip testlərin aparılması tövsiyə olunmur, çünki müalicə yalnız simptomlara əsaslanır və virusun növü müalicə planına təsir etmir. Xəstələrdə infeksiya yüngül keçdikdə, əsas müalicə növü simptomatikdir. Yuxarı tənəffüs yolu infeksiyalarında ümumiyyətlə rahatlıq və simptomların azaldılması üçün müxtəlif dərmanlar istifadə edilir (məsələn, ağrı kəsicilər, öskürək dərmanları və s.).

İnfeksiyanın qarşısını almaq üçün əsas tədbirlər gigiyena qaydalarına əməl etmək və immunitet sistemini gücləndirməkdir. Məsələn, əllərin tez-tez yuyulması, xəstə şəxslərlə təmasdan qaçınmaq və sağlam həyat tərzi sürmək metapnevmovirusun yayılmasının qarşısını almağa kömək edir.

Nəticə etibarilə, metapnevmovirus infeksiyası çox vaxt yüngül və fəsadsız keçsə də, immuniteti zəif olan şəxslər və ya digər tənəffüs xəstəlikləri olanlar üçün diqqətli olmaq vacibdir”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
50
1
yenisabah.az

2Mənbələr