Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken bəyan edib ki, Rusiya Şimali Koreyaya silah və avadanlıq dəstəyi müqabilində qabaqcıl kosmos və peyk texnologiyaları vermək niyyətindədir.
''Yonhap'' xəbər agentliyinin məlumatına görə, Entoni Blinken paytaxt Seula səfəri zamanı Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-Yul ilə görüşüb. Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Entoni Blinken Şimali Koreya ilə Rusiya arasında son vaxtlar hərbi əməkdaşlığın artmasından narahat olduqlarını bildirib.
Rusiyanın qabaqcıl kosmos və peyk texnologiyası müqabilində rəsmi Pxenyandan silah və avadanlıq dəstəyi gözlədiyini söyləyən Entoni Blinken deyib: “Rusiya prezidenti Vladimir Putin ölkəsinin onilliklər boyu yürütdüyü siyasətin əksinə hərəkət edir”.
Cənubi Koreya və Yaponiyanın da bu məsələyə görə narahat olduqlarını qeyd edən Entoni Blinken rəsmi Tokio və Seulun ABŞ ilə qurduğu üçtərəfli təhlükəsizlik əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Entoni Blinken Vaşinqton-Seul ittifaqının Şimal-Şərqi Asiya və Hind-Sakit okean regionlarında sülh, təhlükəsizlik və rifahın təməl daşı olduğunu bildirib.
Təxminən 12 min Şimali Koreya əsgərinin Rusiyadakı cəbhə xəttinə göndərildiyi təxmin edilir.
Moskva və Pxenyan münasibətləri
Rusiya Xarici İşlər Nazirliyi Moskva ilə Pxenyan arasında 2024-cü ilin iyununda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinin 2024-cü ilin dekabrında qüvvəyə minəcəyini açıqlayıb. Bildirilib ki, bu saziş tərəflərdən birinə hücum zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutur və Şimali Şərqi Asiya və Asiya Sakit Okean regionlarında bölünməz təhlükəsizlik sisteminin və çoxqütblü dünya nizamının qurulmasına töhfə verəcək.