Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücumun sifarişində təqsirləndirlən Kikboksinq Federasiyasının iki gün əvvəl saxlanılan keçmiş I vitse-prezidenti Ramal Aslanov bu gün sərbəst buraxılıb.
Ramal Aslanovun sərbəst buraxılması Fuad Zeynalovun etirazı ilə qarşılanıb.
Fuad Zeynalov Modern.az-a açıqlamasında bildirib ki, Ramal Aslanovu sərbəst buraxılnasına belə reaksiya verib:
“Mənim onun növbəti hücumunu gözləməyə nə vaxtım, nə də səbrim var. Dəfələrlə sakit durdum, 4-5 dəfə hücum etdilər. O, yenidən çıxıb hücuma hazırlaşırsa, mən də nə edəcəyimi bilirəm. Mən dövlət qulluqçusu olduğum üçün dövlətimə, onun qanunlarına arxalanıram. Amma yəqin ki, onun himayədarları çox güclüdür. Onların da kim olduğunu bilirəm, lazım olarsa adlarını da çəkəcəm. Mən heç kimdən qorxmuram, çəkinmirəm. Gözləyirəm, əgər bu qanunla cəzalanmırsa, mən nə tədbir görəcəyimi özüm bilirəm”.
Xatırladaq ki, bir neçə gündür mətbuat Bakı şəhərində kikboksçular arasında baş verən davanı müzakirə edir. Belə ki, paytaxtın Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edilib. DSX zabitinə hücum edən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar.
Fuad Zeynalov mətbuata açıqlamasında bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının keçmiş I vitse-prezidenti Ramal Aslanovdur.
Hadisə ilə bağlı Kikboksinq Federasiyasında iclas keçirilib. I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən azad edilib. Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub. Fuad Zeynalovun isəməşqçi fəaliyyətinə xitam verilib.