AZ

Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb.

Dövlət başçısı bəyan edib ki, Türkiyə ilə Suriyanın yeni hakimiyyəti arasında münasibətlərin qurulması Azərbaycanı məmnun edir: 

“Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir”. 

Prezident vurğulayıb ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. 

“Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir”, - dövlət başçısı əlavə edib. 

Prezident İlham Əliyev Azərbaycanın Suriyada eyni mövqeyi bölüşdüyünü bildirib: "Azərbaycanın Suriya məsələsində mövqeyi Türkiyə ilə eynidir və onların vasitəsi ilə yardım da göndərdik. 

Türkiyənin marağında nədirsə, bizim də marağımız odur. Bizim marağımız da, təhlükəsizliyimiz də birdir. Biz Türkiyə ilə bir yerdəyik". 

Politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycan Suriyanın yeni hakimiyyəti ilə münasibətlər qurmaqda maraqlıdır: 

“Azərbaycan Prezidenti İlham Əliyevin Suriya ilə bağlı açıqlamasında iki istiqamət diqqət çəkir. Birincisi, Suriyada baş verən dəyişikliklər və bunun müsbət məcrada getməsi, Türkiyənin Suriyadakı proseslərdə mühüm rol oynaması xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycan-Türkiyə müttəfiqliyini nəzərə aldıqda, Bakı və Ankara Suriya, eləcə də Yaxın Şərqlə bağlı məsələlərdə mövqe sərgilədiklərinə və hər iki qardaş ölkənin maraqlarının üst-üstə düşməsini görürük. Azərbaycan Türkiyənin öz sərhədində terrorçu qüvvələrə qarşı mübarizəsini yüksək qiymətləndirir və Azərbaycan qardaş ölkənin bu haqlı mübarizəsində ona dəstək verməyə hazırdır.

Azərbaycan Türkiyə ilə birgə Suriyanın bir dövlət olaraq yenidən formalaşmasında iştirak etməyə və bu məsələdə töhfələrini verməyə hazırdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Suriyanın keçmiş rejimi – Əsəd hakimiyyəti hər zaman Ermənistanın yanında olub, Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqedə durub”. 

Həmöhbətimiz bildirib ki, Əsəddən sonrakı dövrdə Azərbaycanın Suriya ilə bağlı gözləntiləri var: “Azərbaycan Suriyanın yeni hakimiyyəti ilə ikitərəfli diplomatik-siyasi münasibətlər qurmaqda maraqlıdır. Çox şükürlər olsun ki, Suriyada Əsəd rejimi devrilib, ölkədə Türkiyə və Azərbaycanla münasibətlər qurmaqda maraqlı olan qüvvələr hakimiyyətə gəlib”. 

Seçilən
12
24
cebheinfo.az

10Mənbələr