Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə Bakı şəhərində kikboksçular arasında baş verən dava müzakirə olunur. Belə ki, paytaxtın Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edilib. DSX zabitinə hücum edən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar.
Fuad Zeynalov mətbuata açıqlamasında bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Onun artıq saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı Kikboksinq Federasiyasında iclas keçirilib. I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib. Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub. Fuad Zeynalovun isə məşqçi fəaliyyətinə xitam verilib.
Ölkə.az xəbər verir ki, hadisə barədə Modern.az-a danışan Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru Fuad Zeynalov bildirib ki, Federasiyanın qərarına hörmətlə yanaşır:
“İş qaydası olaraq araşdırma getdiyi üçün mənim də fəaliyyətimə xitam verilib. Bu qərara hörmətlə yanaşıram, hər şey yaxşıdır. Heç bir narahatlıq yoxdur”.
F.Zeynalov deyib ki, Ramal Aslanov tərəfindən onun evinə 2 dəfə hücum edilib:
“Eyni Federasiyada olduğumuz, tanışlığımız olduğu üçün şikayət etməmişdim. Həm də 3-4 il əvvəl münasibətimiz yaxşı olub. Evimə basqın etdi, mən də cavablarını vermək üçün aşağı düşdüm. Mən aşağı düşəndə qaçdılar, arxalarınca çağırdım. Zəng edib dedim ki, nə sözünüz varsa, gəlin, kişi kimi görüşüb həll edək. Bildirdim ki, ədavətin varsa qaçma, görüşək, kişi kimi məsələni həll edək. Ya ölək, ya öldürək, amma problem həll olsun. Bu hadisə 2 dəfə təkrarlandı. Hər dəfə qaçdılar, zəng edib problemin bu şəkildə həll edilə bilməyəcəyini bildirdim. Qapımın döyülməsi məsələsi cəfəngiyatdır, mənim qapımı döyən qələt edir. Deyiblər aşağıdayıq, mən də onları çəkindirmək üçün baltanı götürüb düşmüşəm aşağı. Dəfələrlə bildirmişəm ki, məsələnin həlli bu deyil. Telefonum açıqdır, zəng et hara istəyirsən gəlim. Evimə niyə hücum edirsən?”
Onun sözlərinə görə, hücum edənlərin məqsədi üzbəüz gəlmək yox, arxadan zərbə endirmək idi:
“Elə ona görə də bu addımı atdılar. Onlar mənim hazırlığımı bildikləri üçün üzbəüz gəlməyə cəsarət edə bilmirdilər. Ramal Aslanovu tapşıranlar, bütün məsələlərə müdaxilə edənlər çoxdur. Əgər o sərbəst buraxılarsa, deməli, o adamların tapşırığı ilə olub. O adamların kim olduğunu da yaxşı bilirəm. Bu gün o ya məhkəməyə çıxarılmalı, ya da sərbəst buraxılmalıdır”.
İdman ustası Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin də məsələyə münasibətinə toxunub:
“Adil Əliyev belə halların yaşanmaması üçün əlindən gələni etdi. Bizi çağırdı, bu məsələnin həll edilməsini bildirdi. Mən öz sözümü tutdum, amma Ramal Aslanov sözünü tutmadı. Ümumiyyətlə, evə hücum çəkmək kişiliyə yaraşan hərəkət deyil. Orada da Adil bəy sözünü dedi və bildirdi ki, hər kəs öz işi ilə məşğul olsun. Söz verildi ki, məsələ bitdi. Amma 10-15 gün sonra yenə eyni şeyi etdilər”.