AZ

Kristiano Ronaldo oğlunun futboldakı perspektivlərindən danışdı

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo böyük oğlu Kristiano Juniorun futboldakı perspektivlərindən söhbət açıb.

Arena.az “O Jogo” dərgisinə istinadən, portuqal ulduzun bu barədə fikrini təqdim edir:

“Həqiqət budur ki, o, yaxşı oğlandır. Kiçik uşaqlarla daha çətindir, amma onunla heç bir fəsadım yoxdur. O, mənim onun yaşında olduğumdan daha hündür və güclüdür. Düşünürəm ki, nəticədə o, məndən də hündür olacaq.

O qollara və qələbələrə həris olacaqmı? Bu aclıq – ən çətin xüsusdur”, deyə Ronaldo vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Seçilən
29
15
arena.az

10Mənbələr