Əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 milyard 210 milyon 530 min manat nəzərdə tutulub; pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ödəniləcək
Ölkədə ilbəil pensiya və digər sosial ödənişlər artırılır. 2025-ci il yanvarın 1-dən də bir sıra kateqoriyalar üzrə bu ödənişlərin məbləği çoxaldılıb. Ancaq yaşlı nəslin böyük bir kəsiminin gözü illərdir yollardadır.
Bu təbəqə xüsusilə sovetlər dağılandan, müstəqillik əldə edildikdən sonrakı çətin dönəmlərdə işsiz qalan, buna görə də 25 illik iş stajı qazana bilmədiyi üçün əmək pensiyasına çıxa bilməyən şəxslərdir. Onlar illərdir ki, minimum yaşayış həddindən də xeyli aşağı - cəmi 220 manat qocalığa görə müavinət alırlar. Bu tip yaşlıların güzəranı daha çətindir. Onların sayı elə də çox deyil, ümumi pensiyaçıların təxminən 7-8 faizini təşkil edirlər. Bir çoxları isə 25 illik stajından cəmi 6 ay, 1 il kəsiri olanlardır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına əsasən, cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 milyard 210 milyon 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur.
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının da artırılması nəzərdə tutulub. Report.az xəbər verib ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib. Onun sözlərinə görə, ümumilikdə bu islahatdan 700 mindən artıq vətəndaş yararlanacaq: “Onlardan 400 mini dövlət sektoru, 300 mini isə özəl sektorda faəliyyət göstərən şəxslərdir. Azərbaycanda minimum əməkhaqqının 400 manat müəyyən edilməsi dalğavari effekt yaradaraq digər üst pillələrdə olan şəxslərin əməkhaqlarının artırılmasına təsirini göstərir”.
O əlavə edib ki, fevralın 1-dən minimum pensiyalar da 320 manata çatdırılır və bu, 14 % artım deməkdir: “Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhatə edəcək”.
Sədr məlumat verib ki, müavinət və təqaüdlərin artırılması ilə böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub: “Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”.
H.Məmişov həmçinin deyib ki, tələbələrə dövlət dəstəyinin olması da daim diqqət mərkəzindədir, təqaüdlərin də artırılması məsələsi qarşıya qoyulub.
Vüqar Bayramov
Milli Məclisin deputatı Vüqar Bayramov isə mətbuata açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır: “Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək. Qeyd edim ki, 2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Minimum pensiya məbləği isə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar".
Millət vəkili qeyd edib ki, bu aydan etibarən ehtiyac meyarı 285 manata çatdırılıb: “Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin bu ildən artmasına səbəb olacaq. Bu, 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir. Artımların ödənilməsinə gəldikdə isə yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni vətəndaşın müraciətinə bu ay müsbət cavab verilib ona yardım ödənilməsi ilə bağlı qərar veriləcəksə, o artırılmış məbləğlə yardımı bu aydan alacaq. Azərbaycan Prezidentinin imzaladığı 23 dekabr 2024-cü il tarixli sənədə əsasən, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidir. NK tərəfindən təkliflər təqdim olunduqdan sonra müavinət və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalanacaq. Bununla da müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək”.
Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yaşa görə müavinətin məbləği 220 AZN-dir: “Bu hədd mütəmadi olaraq artırılır. Yəqin ki, bu hədd də artar. Çox güman ki, hesablamalar aparılır. Bu o şəxslər ki, 25 illik sığorta stajları yoxdur, 2006-cı ildən 2018-ci ilə kimi şərti olaraq qeyd etsək, heç olmasa, bir ay, bir gün də işləməyiblər, ya da ki, yığım kapitalları yoxdur. Bu kateqoriyaya aid olan şəxslərin pensiyası dövlət tərəfindən ödənir. Əmək pensiyası isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Buna görə də əmək pensiyasına görə ödənişin artırılması o demək deyil ki, yaşa görə müavinətdə də artım olmalıdır. Çünki məbləğ ayrı-ayrı mənbələrdən ödənilir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”