Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin rektoru Prof.Dr.Hasan Kılıc və beynəlxalq əlaqələr üzrə rektor müşaviri Cahit Ezel Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov hörmətli qonaqları rəhbəri olduğu təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu bildirib. Söhbət əsnasında ATMU və Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə qurulduğunu deyib. ATMU və Doğu Akdeniz Universiteti (DAU) arasında mümkün ikitərəfli əməkdaşlıq əlaqələrin də bundan sonra möhkəmlənəcəyinə inam ifadə olunub. Doğu Akdeniz Universitetinin (DAU) dinamik inkişaf istiqamətinə detallı aydınlıq gətirən rektor Prof.Dr.Hasan Kılıç, eyni zamanda KKTC-nin ali təhsil ocaqları arasında DAU-nun diqqətçəkən mövqeyindən danışıb.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetinin (DAU) rektorları qarşıdakı illərdə nəzərdə tutulan Beynəlxalq təhsil layihələri, o cümlədən proqramların icrasında əhəmiyyətli tərəfdaş olacaqlarına inam ifadə ediblər.
Sonda xatirə şəkli çəkilib.