Tanınmış “Springer” nəşriyyatında “İslam fəlsəfəsi və Qərb fenomenologiyasının dialoqu” seriyasının “Eko-təxəyyül: Dayanıqlı gələcəyə doğru. İslam fəlsəfəsi perspektivindən” adlı 8-ci cildi nəşr olunub.
Dünya Fenomenologiya İnstitutunun həmprezidenti, professor Daniela Verduççi və Türkiyə-Alman Universitetinin professoru Detlev Quinternin redaktorluğu ilə nəşr olunan monoqrafiyanın bölmələrindən birinin müəllifi AMEA-nın müxbir üzvü Könül Bünyadzadədir.
Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib
“Eko-təxəyyül və sufi fenomenologiya” adlı yazısında müəllif eko-təxəyyülü özünün yeni fəlsəfi konsepsiyası prizmasından təhlil edib. Məqalədə şüur və altşüur, insanın subyektiv dünyası və ruh kimi məsələlərə fəlsəfi təhlil verən müəllif eko-təxəyyülün, əslində, yaradıcılıq üçün zəruri bir komponent olduğunu, onun naqisliyi zamanı insanın bir dağıdıcı qüvvəyə çevrildiyini əsaslandırır.
Könül Bünyadzadənin yazdığına görə, maddi dünyada hər varlığın öz konkret məkanı, forması var. Onların böyüməsi bir-birinə mane olmur, əksinə bir-birini tamamlayır. Bir meşədə böyük ağaclarla bərabər kiçik kollar, çiçəklərin varlığı kimi. İnsan bu sistemə daxil olmadığına görə onun böyüməyi fərqlidir. İnsan isə başqa varlıqların məkanını zəbt eləməklə böyüyür və bu zəbt, ilk növbədə, şüurda başlayır. Bununla belə, yaradılmışlar vahid bir sistemə daxildirlər və öz müstəqil sistemlərinə malik olmaqla yanaşı, həm də həmin strukturun tərkib hissəsidirlər. Yəni hamısı öz aralarında mütləq şəkildə əlaqəlidirlər. Bu, yaradılışın qanunauyğunluğudur. Bu qanunların kəşf olunub-olunmaması, insanın onları dərki həmin sistemlərə heç nə vermir. Əksinə, insan müdaxilə edəndə, nəyi isə dağıdanda zərər verə bilər. Bu qanunauyğunluqların kəşfi, sistemlərarası əlaqələrin öyrənilməsi insana lazımdır. Başqa sözlə desək, eko-təxəyyül insanın ona yad olan təbiəti anlayıb orada öz yerini tanımasıdır.
Könül Bünyadzadə öz yeni fəlsəfi konsepsiyası ilə bağlı davamlı olaraq yüksək faktorlu elmi nəşrlərdə məqalələr nəşr etdirir. Qeyd olunan monoqrafiyada isə o, dövrün ən qlobal problemlərindən birinə - ekologiyaya da bu fəlsəfi prizmadan baxır.