Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov yanvar ayının 8-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.
“Poliqon” Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İranın Azərbaycanda müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan da iştirak ediblər.
Görüşdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə məsələləri müzakirə olunub.