AZ

CBC telekanalının sənədli filmi beynəlxalq festivalın iki mükafatına namizəddir

Bakı, 9 yanvar, AZƏRTAC

CBC telekanalının “Vəd edilmiş torpaq. Yaşamaq uğrunda mübarizə” sənədli filmi FEEDBACK beynəlxalq sənədli filmlər festivalında “Ən yaxşı sənədli film” və “Ən yaxşı qadın ssenarist” nominasiyalarında seçim mərhələsini uğurla keçib.

AZƏRTAC xəbər verir ki, “Vəd edilmiş torpaq. Yaşamaq uğrunda mübarizə” sənədli filmi 2023-cü ilin oktyabrında Yaxın Şərqdə baş vermiş faciəvi hadisələrdən bəhs edir. Filmin ssenari müəllifi və prodüseri, jurnalist Elmira Musazadə baş verənlərə aydınlıq gətirmək üçün İsrailə, Kibbutz Beeriyə gedir.

Film israillilərlə fələstinlilər arasında köklü münaqişəni araşdırır, onilliklər boyu davam edən siyasi parçalanmaların və həll olunmamış tarixi problemlərin yaratdığı bəşəri faciələri üzə çıxarır. Müəlliflər cəbhə xəttində yaşayan insanların şəxsi hekayələrini işıqlandırır, eləcə də sülhə olan ümidlərdən danışırlar.

“Bu film sadəcə hadisələrin xronikası deyil, həm də insanların dözümlülüyünü, onların arzularını və sülh arzusunu xatırladır. İstəyirik ki, tamaşaçılar xəbər başlıqlarının arxasında ümidsizlik həddində yaşayan, lakin hələ də sülhə inanan insanların hisslərini, ümidlərini və arzularını görsünlər”, - deyə filmin rejissoru Vüqar Xəlilov qeyd edir.

Ssenarist və prodüser Elmira Musazadə əlavə edir: “Biz istəyirik ki, tamaşaçılar hər hekayənin arxasında təkcə statistika deyil, canlı insan görsünlər. Ümid edirik ki, bu film hər münaqişənin arxasında sülh içində yaşamaq istəyən insanların olduğunu xatırladacaq”.

FEEDBACK Female Film Festival – qadın kinorejissor və ssenaristlərin əsərlərini təqdim edən beynəlxalq festivaldır.

Beynəlxalq sənədli filmlər festivalına namizəd olan “Vəd edilmiş torpaq. Yaşamaq uğrunda mübarizə” CBC-nin istehsal etdiyi ilk sənədli film deyil. Ötən il telekanalın bir neçə sənədli filmi nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb ki, onların arasında Türkiyə Beynəlxalq İpək Yolu Film Festivalının (İnternational Silk Road Film Festival) ən yaxşı sənədli filmi olmuş və ABŞ-ın Nyu York Beynəlxalq Film Mükafatlarının (New York International Film Awards) müsabiqə proqramının iştirakçısı olan “Türk damğaları”, Xorvatiyanın Smaragdni eko film festivalı, Malayziya Beynəlxalq Kuala Lumpur Eko Film Festivalı (Eco Film Fest) və Braziliyada keçirilən Ecocine – Ətraf Mühit və İnsan Haqları Film Festivalının (Ecocine – Environment and Human Rights Film Festival) müsabiqə proqramının iştirakçısı olmuş “Urmiya necə ölür”, eləcə də Türkiyənin Nartuqan Film Festivalının müsabiqə proqramının iştirakçısı olmuş “Türkiyədə faciə” sənədli filmləri var. Beynəlxalq festival meydanında diqqəti cəlb edən CBC filmləri arasında Los-Ancelesdə keçirilən IndieX Film Fest beynəlxalq qısametrajlı film festivalında “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı montaj” iki nominasiyada mükafata layiq görülmüş İrəvanın tarixindən bəhs edən “İrəvanın gizli irsi” filmini də qeyd etmək lazımdır. Müəllif və ssenarist Elşən Rüstəmovun bu ekran əsəri həm də Amsterdamda keçirilən nüfuzlu Around Beynəlxalq Film Festivalının (Around International Film Festival) finalçısı olub.

 

Seçilən
5
1
azertag.az

2Mənbələr