AZ

İƏT-in Baş katibi: Azərbaycanın mövqeyini daim dəstəkləyirik



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri - Milli Məclisin deputatları Səməd Seyidov, Fazil Mustafa, Cavanşir Paşazadə və Rəşad Mahmudov Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə bu ölkəyə səfər ediblər.

Bu barədə Newscenter.az-a QMİ-dən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hissein İbrahim Taha ilə görüşüblər.

Görüşdə şeyxülislam Prezident İlham Əliyevin salamlarını İƏT-in Baş katibinə çatdırıb.

A.Paşazadə Azərbaycanın 1991-ci ildə - hələ Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu vurğulayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.

İƏT Baş katibi Azərbaycanın mövqeyini daim dəstəklədiklərini qeyd edərək, COP29 tədbirinin uğurla keçirildiyini və Konfransda iştirakdan məmnunluğunu bildirib.

Təşkilatın Azərbaycanla birlikdə keçirdiyi nazirlər iclaslarının səmərəli əməkdaşlığın möhkəmlənməsinə xüsusi təsir göstərdiyini ifadə edən Taha 2026-cı ildə İƏT dövlət və hökumət başçılarının 16-cı sammitinin Azərbaycanda keçirilməsinin İƏT dövlətlərinin ölkəmizə etimadının göstərici olduğunu vurğulayıb.

Görüşün sonunda İƏT Baş katibi şeyxülislamdan onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Şeyxülislam isə Tahanı ölkəmizə səfərə dəvət edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri davam edir.

Mehman Mehdiyev
Seçilən
1
11
newscenter.az

10Mənbələr