AZ

Azərbaycan Ciddə Həcc və Ümrə konfransında təmsil olunacaq

Qahirə, 10 yanvar, AZƏRTAC

Yanvarın 13-dən 16-dək Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində 4-cü Həcc və Ümrə xidmətləri konfransı və sərgisi keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AZƏRTAC-a bildirilib ki, Kral Salman bin Əbdüləziz Al Səudun himayəsi ilə baş tutacaq tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyətinin daxil olduğu Həcc Missiyası iştirak edəcək.

“Əl-Mədinə” qəzeti yazır ki, dörd gün ərzində 300-dən çox qurumun nümayəndə heyətlərini, nazirləri, ekspertləri bir araya gətirəcək konfransda zəvvarların işini yaxşılaşdırmaq üçün ən son texnologiyalar və keyfiyyətli xidmətlər barədə təqdimatlar ediləcək.

Həmçinin konfrans çərçivəsində təşkil ediləcək sərgi qonaqlara həcc və ümrə xidmətləri sahəsində ən son innovasiyalarla tanış olmaq fürsəti yaradacaq. Bu il sərgiyə rekord sayda ziyarətçinin gələcəyi gözlənilir. Müqayisə üçün deyək ki, ötənilki tədbiri 100 mindən çox şəxs ziyarət etmiş və bu çərçivədə 202 beynəlxalq əməkdaşlıq razılaşması imzalanmışdır.

Eyni zamanda, konfrans çərçivəsində həcc və ümrə ilə əlaqəli sahələrdə çalışanların peşəkarlığını artırmaq üçün ixtisaslaşmış təlim kursları təşkil ediləcək. Bundan başqa, tərəfdaşlıq müqavilələrinin imzalanması məqsədilə xüsusi platforma yaradılacaq, ölkələr üzrə həcc kvotaları müəyyənləşdiriləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
11
8
azertag.az

9Mənbələr