Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Antonio Koşta təyyarə qəzası ilə bağlı Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı Bakının mövqeyini dəstəklədiyini bildirib.
Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadə edib.
Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb.
Öz növbəsində, Koşta X hesabında qeyd edib ki, o, Əliyevlə “Aİ-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması imkanlarını” müzakirə edib.
“Əməkdaşlığımızı gücləndirməkdə davam etmək üçün yaxın gələcəkdə Prezident Əliyevlə görüşməyi səbirsizliklə gözləyirik”, o vurğulayıb.
Musavat.com